“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi başa çatıb.
Busaat.az-a bu barədə “ASAN Xidmət”dən bildirilib.
Düşərgənin sonuncu günündə psixoloqlarla görüşlər, hoteldaxili əyləncə saatı reallaşdırılıb.
Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb. İştirakçılara və düşərgənin təşkilinə dəstək göstərən könüllülərə sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilib.
Günün sonunda tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı baş tutub.
Bununla da 3-cü “YAŞAT” düşərgəsinə yekun vurulub.
Ümumilikdə 300-dən çox şəhid övladını əhatə edən 7 düşərgə həyata keçirilib. Layihə çərçivəsində hər düşərgədə uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsində müsbət imicə malik olan peşəkarlarla, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçirilib.
“Shamakhi Palace Sharadil” Hotelində baş tutan hər bir düşərgə 5 gecə 6 günü əhatə edib.
Sentyabr ayının əvvəlinədək reallaşdırılan düşərgələrdə şəhidlərimizin 10-11, 12-14 , 15-17 yaş kateqoriyasında olan övladları iştirak ediblər.
Düşərgə boyunca uşaqlar sığortalanmış olublar və davamlı olaraq həkim nəzarəti, psixoloqlar tərəfindən müşayiət olunublar. Psixoloqlar tərəfindən terapiyalar, o cümlədən fərdi və kollektiv görüşlər keçirilib.
Hər düşərgədə sponsorlar və dəstəkçilər tərəfindən iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.
Tərəfdaşlar: “PMD Hospitality’’ şirkəti, “Shamakhi Palace Sharadil” Hoteli;
Baş sponsor: Bakcell;
Sponsorlar: “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi;
Dəstəkçilər: “İnnovasiyalar Mərkəzi”, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Həyat Sığorta” ASC, “Gənc Psixoloqlar” İctimai Birliyi, “Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, “DeFacto” mağazalar şəbəkəsi, ‘’Panda Kids” mağazalar şəbəkəsi, “Elm Galaxy” MMC, ‘’Libraff’’ kitab mağazaları şəbəkəsi, “Happy Day Cake”, ”Booo.az”, “Milla”, “Gədəbəy Mineral Suları” MMC, “Bilim Bakı” mərkəzi, “INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası; “AL Market” mağazalar şəbəkəsi, “Şokki Mokki” markası;
Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio