Salyan rayonunun Aşağı Noxudlu kənd sakini, 77 yaşlı Gülsüm Nəcəfovanı icra başçısı məhkəməyə verərək cərimələtdirib. Kənd sakinin sözlərinə görə, buna səbəb onun dövlət orqanlarına, o cümlədən prezident və vitse-prezidentə şikayət məktubları göndərib, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovdan narazılığını çatdırmasıdır.
“Dedi ki, türmələrin böyüyünün yaxın qohumudur”
Gülsüm Nəcəfova Meydan TV-yə danışır ki, 11 övladını əkinçilik, heyvandarlıqla məşğul ola-ola böyüdüb. Vaxtilə həyat yoldaşı Bayram Nəcəfova Noxudlu dövlət fondu torpağından 260 hektara yaxın qış otlaq sahələri icarəyə verilib. Onun sözlərinə görə, zaman keçdikcə məmurlar hissə-hissə o torpaqların hamısını onların əlindən zorla alıb. Uzun illər təsərrüfatla məşğul olan övladları indi günəmuzd fəhləlik hesabına çörəkpulu qazanmağa çalışır.
“1996-cı ildə bizə kolxoz ərazisindən 260 hektar torpaq sahəsi verilmişdi – 163 hektarı əkin üçün, 97 hektarı isə heyvandarlıq. Hamısını məmurlar əlimizdən hissə-hissə aldılar. O vaxtlar Salyanın icra başçısı vardı, Salman Salmanov, əvvəlini o elədi. Bizdən torpağı almaq istəyirdi, ala bilmirdi. Axırda savadsızlığımızdan istifadə elədi. Həyat yoldaşımı aldadıb, torpağın sənədini almışdılar. Bizə o sənədi o vaxt rəhmətlik Heydər Əliyevə qol çəkdirib gətirib verən keçmiş kənd təsərrüfatı naziri İrşad Əliyev olmuşdu. Fermamızda gətirib vermişdi, çəkiliş də eləmişdilər, televizorda da göstərmişdilər. O sənədi keçmiş icra başçısı yoldaşımdan alıb gizlətdi. Bundan sonra 50 hektarını o aldı bizdən. 100 hektarını da polis gücüylə sonradan aldılar. 95 hektarını da 2018-ci ildə yenə polis gücüylə Ramil Həsənov adlı biri əlimizdən aldı. İcra hakimiyyəti və polislər ona bu işdə kömək elədilər. Ramil Həsənov özü də icra hakimiyyətinin nümayəndələrilə gəlmişdi. Özünün dediyinə görə, türmələrin böyüyü Ceyhun Həsənovun (Penitensiar Xidmətin rəisi) yaxın qohumudur”.
“Məni sürüyə-sürüyə notariusa aparıb, qol çəkdirdilər”
Gülsüm Nəcəfova bildirib ki, övladları və digər qohumları əkin sahəsində olarkən əraziyə polislər gəlib. Onlardan tələb olunub ki, həmin ərazinin Ramil Həsənova verilməsinə razılaşsınlar. Nəcəfovlar bundan imtina edəndə isə onları döyə-döyə Salyan Rayon Polis Şöbəsinə aparıblar. Orada əllərindən telefonlarını alıb, əkin sahəsində baş vermiş hadisələrin videogörüntüləri siliblər. Hər birini də polisə müqavimət, xuliqanlıq kimi ittihamlarla inzibati qaydada 200 manat cərimələyiblər: “Üç gün qapımızda polislər keşik çəkdi. Səhər yuxudan duranda görürdük ki, artıq polislər qapıdadır. Məcbur edirdilər ki, torpağı verməlisiz. Hədə-qorxu gəlirdilər. Məni evdən az qala, sürüyə-sürüyə notariusa aparıb, qol çəkdirdilər. Olmasa, uşaqlarımı şərləyib həbs etməklə hədələyirdilər. Bizim təsərrüfat sahəsində tikilimiz vardı, o dam-daşın pulunu verdilər – 30 min manat. Notariusda o pulu almağım barədə sənədə qol çəkdirdilər. Notariusa da polislər apardılar”.
“O torpaqlardan 200 nəfərə yaxın adam dolanırdı”
Həmin ərəfədə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov sərəncam imzalayıb ki, vaxtilə Bayram Nəcəfova Noxudlu dövlət fondu torpağından icarəyə verilmiş 95 hektar qış otlaq sahələri dövlət fonduna geri qaytarılsın. Az sonra həmin ərazinin Ramil Həsənovun rəhbərlik etdiyi “Aztəsərrüfat” MMC-yə icarəyə verilməsi haqda başqa bir sərəncama imza atıb:
“95 hektarın icarə müddətinin bitdiyini deyəndə onu uzatmaq üçün dəfələrlə icra başçısının yanına getdim. Bəlkə 10-15 dəfə gedib-gəldim bu yaşımda. Gah başından elədi, gah dedi ki, icarə müddətinin uzadılması haqda cənab prezident sərəncam verməyib. Bizi elə aldatdılar. Axırda da dedi ki, get, hara istəyirsən, şikayət elə. Guya sərəncam olmadığına görə başqalarından da alınacaqdı. Bizim dörd tərəfimizdə məmurların fermaları idi. Ancaq ortada biz qalmışdıq. Salyanın Qızılağac ərazisində aqropark yaradılmışdı. Guya bizim torpaq sahəsi də aqroparkın ərazisinə düşmüşdü. Sonradan öyrəndik ki, bizi aldadıblar. Prezidentə teleqram vurduq, yer qalmadı yazmayaq, bunlarla bacara bilmədik. Bizim dolanışığımız ordan idi. Böyük ailəyik, övladlarım, qayınlarım, onların ailələri də daxil, bəlkə bir 200 nəfər o torpaqlardan dolanırdı…”, – Gülsüm Nəcəfova maddi durumlarının ağırlığından danışır.
İcra başçısı ondan şikayət edən kəndlidən 10 min manat tələb edib
O, bütün bunlar haqda Prezident İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva və digər dövlət orqanlarına məktublarında da yazıb. İcra başçısı da onu və iki oğlunu bu üzdən məhkəməyə verib. Sevindik Hətəmov iddia edir ki, şikayət məktublarında onun haqqında yazılanlar şər-böhtandır, nüfuzuna zərbə vurur. Ona görə tələb edib ki, Gülsüm Nəcəfova və iki oğlu ona 10 min manat təzminat ödəsin. Üstəlik, prezidentə, vitse-prezidentə təkrar məktub göndərib, əvvəl yazdıqlarının yalan olduğunu bildirsinlər.
Salyan Rayon Məhkəməsində icra başçısının iddiasına baxan hakim Ağarza Səmədov onu haqlı sayıb. 77 yaşlı qadın və iki oğlunun Sevindik Hətəmova 2000 manat təzminat ödəməsi haqda qərar çıxarıb. Onların üzərinə öhdəlik qoyub ki, Prezident Administrasiyasına yenidən teleqram göndərib, icra başçısı haqqında əvvəl yazdıqlarını təkzib etsinlər.
Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsindən isə Meydan TV-yə bildirilib ki, Gülsüm Nəcəfovanın özü və ailə üzvlərinin Salyan rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz hərəkətlərinə məruz qalması haqda dedikləri araşdırmalar zamanı təsdiqini tapmayıb.
Pravda.az