Ekspert: “Azərbaycan ABŞ nəzarəti altında olan dəhlizlə razılaşmaz”
Cənubi Qafqazda ABŞ tərəfindən irəli sürülən süni layihələr uğursuzluğa məhkumdur, regionda Rusiyanın təhlükəsizlik və əməkdaşlıq baxımından rolu isə hələ də sabit və güclüdür.
Busaat.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Mərkəzi Asiya sektorunun rəhbəri Stanislav Pritçin TASS-a açıqlamasında bildirib.
“Hamı göstərmək istəyir ki, ABŞ Rusiyanı bu regiondan sıxışdırır. Lakin Moskva bu gün də Cənubi Qafqazda etibarlı tərəfdaş kimi qalır. ABŞ-nin Mərkəzi Asiyadakı hərbi bazalarının aqibəti bunu bir daha sübut edir”, – deyə o bildirib.
Pritçin qeyd edib ki, ABŞ-nin əvvəlki nizamlanma təşəbbüsləri istər Ərəb-İsrail, istərsə də Rusiya-Ukrayna münaqişələri üzrə Tramp administrasiyasının planlarına uyğun nəticə verməyib.
Ekspert, Zəngəzur dəhlizinə dair ABŞ tərəfindən təklif olunan 100 illik icarə mexanizmini də qeyri-realist hesab edir.
Onun sözlərinə görə, Ermənistan bu təklifi nəzərdən keçirə bilər, lakin Azərbaycan öz ərazisindən keçən strateji dəhlizin ABŞ-nin nəzarətinə verilməsinə razılıq verməyəcək.
“Dünyada nəqliyyat dəhlizlərinə kənar qüvvələrin nəzarət etdiyi hallar nadir hallarda baş verir. Azərbaycanın dost olmayan infrastrukturdan asılı hala gəlməsi ehtimalı da son dərəcə aşağıdır”, – deyə Pritçin əlavə edib.
Ekspertin fikrincə, bütün bu faktorlar Trampın planlarına ehtiyatla və realist yanaşmağı zəruri edir.
Aynur Kərimova
Busaat.az