“İnsanların çoxu şöhrətpərəstlik edir, mal-dövlət sahibi olmaq istəyirlər. O cür müğənnilərlə dostluq etmək istəmirəm. Mənimki onlarla alınmır. Amma sağlam münasibətlərim var. Kiməsə yardım etmək lazımdırsa, gözüm üstdə edirəm. Ağlıma belə gəlmir ki, özüm üçün, şöhrətim üçün yaşayam. Birincilik iddiasında olmamışam. İstəsəydim arxamda dayana biləcək yaxşı adamın paltarını geyinərdim, evimi də tikdirərdim, şöhrətimi də qazanardım. Nəticədə üstümdə saysız damğalar olacaqdı. Ailəmin üzünə necə baxacaqdım? Hansı yollarla bu pulu qazandım? Həyatda səhvsiz insan yoxdur. İstəyim odur ki, biz nə vaxtsa səhv etmişiksə, gənclər bu səhvlərə yol verməsinlər”. – bu fikirləri Xalq Artisti, Prezident təqaüdçüsü, Mədəniyyət Dalğası İctimai Birliyinin sədri Nisə Qasımova bildirib.
Sənətçi “Olduğunuz yerdən razısınız” sualını “Allah məni hansı yerə lazım bilibsə, o yerdəyəm. Birinci yerdəyəm, yaxud axırdan birinci yerdəyəm bilmirəm. Amma razıyam. Evim-eşiyim var, maşınım, maaşım, suyum-çörəyim var. Mənə bundan artıq nə lazımdır?” deyə, cavablandırıb.Həmcinin xanım sənətkar rəhbəri olduğu “Mədəniyyət dalğası” İctimai Birliyinin fəaliyyətinə də toxunub .
Nisə xanım qeyd edib ki, “Mədəniyyətin əsasları” adlı layihəni gercəkləşdirəcək, həmin layihədə əsasən yeniyetmə və gənclər iştarak edə biləcəklər və İctimai Birliyin onlara hər tərəfli dəstəyi olacaq.