Avrasiya Universitetlər Birliyinin sədri Bakıda səfərdədir-FOTOLAR

image-b4cf65c4-a86a-44bc-a90a-7b5948b15318backend

Ölkəmizdə səfərdə olan Türkiyə Avrasiya Universitetlər Birliyinin sədri, İstanbul Aydın Universitetinin sahibi Mustafa Aydın bu gün Azərbaycanlı media nümayəndələri ilə görüş keçirib.

Tədbirdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı çıxış edərək bildirib ki, İstanbul Aydın Universiteti və onun sahibi Mustafa Aydın hər zaman Azərbaycana olan xüsusi sevgisi ilə fərqlənib:

“Mustafa Aydın təkcə sahibi olduğu İstanbul Aydın Universitetində deyil, Avrasiya Universitetlər Birliyinin xətti ilə bütün  dünyada təhsilin inkişafı, təhsil sahəsində birgə əməkdaşlıqların genişləndirilməsi sahəsində çox böyük işlər görüb. Avrasiya Universitetlər Birliyində dünyanın 55-dən artıq ölkəsində 125-dən artıq aktiv universitet təmsil olunur və bu qurum hər il dünyanın ən böyük üçüncü elmi sammitinə sahiblik edir.

İstanbul Aydın Universiteti Türkiyənin ən böyük ən çox tələbə sayına sahib və eyni zamanda  azərbaycanlı tələbələrin də  ən çox müraciət etdiyi vəqf universitetidir”.

Qeyd olunub ki, hazırda universitetdə 400-ə yaxın azərbaycanlı tələbə təhsil alır və bu günə qədər universitetin 600-ə yaxın azərbaycanlı məzunu olub.

 

Mustafa Aydın isə çıxışında iki ölkə arasında təhsildə keyfiyyətin təminatı sahəsində təcrübə mübadiləsindən, diplomların tanınması haqqında danışıb:

“Artıq  dünyanın gerçəklərinə görə həyatımızı tənzimləməliyik. Bu mənada Türkiyə universitetlərində  xüsusən də distant, onlayn təhsil alan tələblərin diplomlarının Azərbaycanda tanınmasında bir problem var. Ötən gün bu yöndə artıq müzakirələrimiz oldu və hesab edirəm ki, problem yaxın vaxtlarda aradan qaldırılacaq”.

Mustafa Aydın Ukraynada baş verən müharibə nəticəsində təhsilini yarımçıq qoymuş tələbələrin məsələsinə də toxunub. O qeyd edib ki, türkiyəli tələbələr kimi azərbaycanlı tələbələr də Türkiyə universitetlərində təhsillərini davam etmək imkanına malikdirlər:

“Türkiyənin həm dövlət, həm də vəqf universitetləri türkiyəli tələbələr ilə yanaşı azərbaycanlı tələbələr üçün qapılarını açdığını bəyan edib. Həmin azərbaycanlı tələbələr Türkiyənin dövlət universitetlərində ödənişsiz olaraq təhsillərini davam edə biləcəklər. Hər zaman bildiririk – mədəniyyət, sənət və təhsil savaşın bir parçası ola bilməz. Müharibədən təsirlənən tələbələrə köməklik etmək hər birimizin borcudur. Biz əslində, buna təhsil əxlaqı deyirik.

Hesab edirəm ki, Azərbaycan universitetləri də artıq öz qapılarını təhsilini yarımçıq qoymuş azərbaycanlı tələblər üçün açmalıdır”.

Mustafa Aydın təmsil etdiyi universitetdə Qarabağ şəhidlərinin və qazilərinin övladları, həmçinin yaxınlarının ödənişsiz olaraq təhsil ala biləcəyini də açıqlayıb:

“Qarabağ  bizim üçün bir qürur məsələsi idi. Bundan əvvəl Azərbaycana gəldikdə şəhid və qazi ailələrinin ziyarətinə getdim. Təsəvvür edin, elə şəhidlər var ki, onlar Türkiyədə təhsilini yarımçıq qoyaraq, Qarabağa döyüşlərə yollanıb və şəhid olub. Bu çox müqəddəs amildir. Hələ Qarabağ müharibəsi başlayanda universitetimiz belə bir qərar gəldi ki, Qarabağda şəhid və qazi olan şəxslərin övladları, yaxınları üçün universitetimizdə pulsuz təhsil verəcəyik. Sadəcə pulsuz təhsil deyil, həm də onların bütün ehtiyaclarını təmin etmək, qarşılamaq qərarına gəldik. Artıq bu yöndə işlər başladılıb, müraciətlər alırıq və yeni 2022-2023 tədris ilində onlar artıq universitetimizin tələbə adını qazanacaqlar. Bununla da Qarabağ üçün kiçik də olsa xidmətimizi yerinə yetirmiş olacağıq”.

Mustafa Aydın daha sonra əcnəbi tələblərin Azərbaycana gətirilməsi ilə bağlı öz tövsiyələrini də bildirib:

“Azərbaycan əcnəbi tələbələrin ölkə universitetlərində təhsilə cəlb edilməsi üçün malik olduğu imkanlardan maksimum yararlanmalıdır. Bunun üçün ölkədə uyğun şərait yaradılmalıdır.

Dövlətin bu məsələləri dəstəkləməsinə ehtiyac var. Başlanğıcda normal təşviq sistemi qura bilsək, bu, əcnəbi tələbələr üçün bir yol açarsa, bunun ardı da gələcək. Ancaq onu da unutmayaq ki, Azərbaycanın tanıtımı, lobbisi, diasporu, iqtisadiyyatı, təhsilin keyfiyyəti və müxtəlif ölkələrdə gələcək fəxri səfirlərin yetişdirilməsi üçün bu işlər görülməlidir.

Bundan başqa, artıq təhsil dörd divar arasında alınmır. Əgər tibb kimi spesifik sahə deyilsə, o zaman tələbələr onlayn rejimdə də ali təhsil ala bilər. Azərbaycan artıq qiyabi təhsillə bağlı siyasətinə yenidən baxmalıdır”.

Musavat.com

 

Avrasiya Universitetlər Birliyinin sədri Bakıda səfərdədir-FOTOLAR

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90