“Avropa Birliyi Türkiyənin əsarətindədir”- Sarkisyan Ərdoğanı dayandıracaq faktoru açıqladıbackend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Dağlıq Qarabağ məsələsində təsir etməyin yalnız bir yolu var: münaqişəyə üçüncü və dördüncü tərəfləri cəlb etmək, lakin bu, eskalasiyanı gücləndirə bilər, ona görə də Ermənistan bu məsələdə çox ehtiyatlıdır.

Busaat.az xəbər verir ki, Ermənistan prezidenti Armen Sarkisyan bunu Almaniyanın “Bild” nəşrinə verdiyi müsahibəsində söyləyib.

O, Ermənistanın Dağlıq Qarabağın (işğal edilən Azərbaycan torpağı) müstəqilliyini geniş miqyaslı müharibə günlərində tanımadığını qeyd edib:

“Ermənistan sülh danışıqları prosesini pozmamaq üçün Dağlıq Qarabağın müstəqilliyini tanımadı”.

Sarkisyan qeyd edib ki, Almaniya, AB, NATO da daxil olmaqla beynəlxalq cəmiyyət Türkiyənin hərəkətlərinə daha sərt reaksiya göstərməlidir:

“Türkiyənin Qarabağdakı müharibədəki iştirakı tarazlığı kəskin şəkildə dəyişdirir”.

Prezident qeyd edib ki, əgər bu müharibəni yalnız Azərbaycan açsaydı, bir-iki gün davam edəcəkdi. Bunun ardınca beynəlxalq ictimaiyyət hər iki tərəf üçün əhəmiyyətli olacaq atəşkəs çağırışı edəcəkdi.

Sarkisyan rəsmi Ankaranın arqumentlərini də dilə gətirib: “Deyirlər ki, azərbaycanlılar qardaş xalqdır”.

“Üzr istəyirik, türklərin Orta Asiya, Monqolustan və Şimali Çində də etnik qardaşları var. Bu ölkələrdəki problemlərdə də iştirak edəcəklərmi?” – deyə Sarkisyan soruşub.

Onun sözlərinə görə, Azərbaycanda enerji mənbələrini, boru kəmərlərini qoruduqlarını deyən Türkiyənin açıqlamaları da absurddur.

O, qeyd edib ki, ermənilər bu cür infrastrukturlara zərbə vurmaq istəsəydilər, 20 il əvvəl bunu edərdilər və Azərbaycanın milyardlar qazanmasına imkan verməzdilər.

Sarkisyan Türkiyənin yalnız Cənubi Qafqazdakı nüfuzunu genişləndirməyə çalışmadığını vurğulayıb. Bu, rəsmi Ankaraya yalnız Azərbaycanda deyil, Xəzər və Orta Asiyada da enerji ehtiyatlarına nəzarət etməyə imkan verəcək.

“Bu mənada Avropa və avropalılar Türkiyənin girovu olacaq, çünki bu ölkə Xəzər dənizindən AB-yə gələn neft və qaza nəzarət edəcək” deyib prezident.

“Almaniya, AB və ya NATO Türkiyəyə qarşı mümkün olan bütün təzyiq vasitələrindən istifadə etməlidir”. Sarkisyan fikrini belə yekunlaşdırıb.