Azərbaycan pavilyonu “Urban Expo” sərgisində fəaliyyətə başladı

image-pavvbackend
image-uzb_ads_desk

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb.

Busaat.az xəbər verir ki, sərginin ən böyük milli pavilyonu olan Azərbaycan pavilyonu 1500 kvadrat metr sahəni əhatə edir və ölkənin müasir şəhərsalma, eləcə də dayanıqlı inkişaf yanaşmalarını nümayiş etdirir.

Pavilyon dünya şöhrətli memar Zaha Hadidin yaratdığı Heydər Əliyev Mərkəzinin memarlıq konsepsiyasının elementləri nəzərə alınaraq hazırlanmışdır.

Azərbaycan pavilyonunun qalereya məkanında ölkənin şəhərsalma layihələri, İçərişəhərin zəngin mədəni irsi, ekoloji təşəbbüslər, turizm potensialı və memarlıq nümunələri nümayiş etdirilir.

Pavilyonda həmçinin Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirdiyi yenidənqurma və müasir şəhərsalma yanaşmaları, işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də regionun yaşıl enerji zonasına çevrilməsi istiqamətində görülən işlər nümayiş etdirilir.

Azərbaycan Pavilyonunda rəsmi görüş və fikir mübadiləsini təmin edən şəbəkələşmə zonaları, təqdimat və konfrans məkanları, virtual reallıq əsaslı interaktiv sahələr, kino və turizm guşələri, müxtəlif master-klasslar, eləcə də Azərbaycan mədəniyyəti və milli mətbəxini təqdim edən xüsusi sahələr fəaliyyət göstərir.

WUF13 tədbiri ərzində pavilyonun tədbirlər proqramına “Bakı Baş Planı 2040”, enerji sistemlərinin rəqəmsal transformasiyası, miqrasiya və şəhər idarəçiliyi, eləcə də urbanizasiya və iqlim gündəliyi üzrə müxtəlif sessiyalar və yüksəksəviyyəli dialoqlar daxildir.

Qeyd edək ki, WUF13-ün əsas platformalarından biri olan “Urban Expo” sərgisində müxtəlif ölkələr, şəhərlər, beynəlxalq təşkilatlar və şirkətlər öz qabaqcıl təcrübələrini və şəhərsalma üzrə fərqli inkişaf yanaşmalarını təqdim edirlər.

Azərbaycan pavilyonunda keçirilən tədbirlərlə bağlı məlumatı buradan əldə edə bilərsiniz.
gal3a7f7569b538d
galf4519d03bad6d
gal6e9089864c04e


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki