“Azərbaycanın ərazisində heç bir ölkənin hərbi bazası və ya sülhməramlı qüvvəsi yerləşdirilməməlidir” – Politoloqbackend

“Rusiyaya çatdırmalıyıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra hər hansı regional və ya geopolitik hərbi-siyasi ittifaqın üzvü olmayacaq”.

Busaat.az xəbər verir ki, bunu ölkəmizin siyasi gedişatı ilə bağlı vəziyyəti dəyərləndirən politoloq Azər Qasımlı bildirib.

Azər Qasımlının sözlərinə görə, heç bir halda bölgə ölkələrindən ibarət sülhməramlı qüvvələrin Qarabağda yerləşdirilməsinə razı olmamalıyıq:

“Bugünkü hərbi-diplomatik vəziyyət onu deməyə əsas verir ki, Qarabağ probleminin həll olunmasında “baza prinsipləri” artıq keçərli deyil. Reallıqlar sürətlə dəyişməkdədir. Türkiyənin bölgədə Azərbaycanın yanında qarant ölkə kimi çıxış etməsi, aktivliyi bölgədə və Qarabağ məsələsində güc balansını dəyişməkdədir. Digər tərəfdən də Azərbaycan Ordusunun uğurları “5+2 rayonun azad edilməsi, Qarabağın statusunun müəyyənləşdirilməsi və bölgədə sülhməramlıların yerləşdirilməsi” planını bizim xeyrimizə dəyişməkdədir. Əgər Ordumuzun hərbi əməliyyatları bu şəkildə davam edərsə, bir neçə gün və ya həftədən sonra “5+2 rayon” mövzusu artıq aktuallığını itirəcək. Ona görə danışıqların yeni prinsipləri müəyyən edilməlidir. Həyat özü bunu diqtə edir”.

Azər Qasımlı vurğulayıb ki, Azərbaycan hərbi bloklara qoşulmamalı və qonşu dövlətlərlə mehriban münasibətlərini qorumalıdır:

“Məhz indi Azərbaycan “neytral və dünyaya açıq ölkə” olduğunu Rusiya tərəfinə açıq ifadə etməlidir. Neytrallığın xalq tərəfindən dəstəklənməsinə, dünya ictimaiyyəti tərəfindən tanınmasına, dünya və regional güclərin bu neytralitetə güvənməsinə çalışmalıyıq. İlk növbədə Rusiyaya bu fikri çatdırmalıyıq ki, Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra hər hansı regional və ya geopolitik hərbi-siyasi ittifaqın üzvü olmayacaq və ərazisində hər hansı ölkənin və ya hərbi-siyasi ittifaqın hərbi bazalarını yerləşdirməyəcək. Lakin bunun yanında da region ölkələri bilməlidir ki, Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə təhdid edildiyi halda hərbi bloklara qoşulmama siyasətində dəyişikliklər ediləcək. Türkiyə ilə isə indidən hərbi-strateji müttəfiqliyimizi ən üst səviyyəyə qaldırmalıyıq. Rusiya və bölgəmizdəki digər ölkələr, eyni zamanda dünya gücləri bilməlidir ki, Qarabağ Azərbaycanın bölünməz ərazisidir. Bunu hazırda Azərbaycan əsgərləri qanı bahasına sübut edirlər. Ərazimizdə heç bir ölkənin sülhməramlıları yerləşdirilə bilməz”.

Gülay