AZƏRBAYCANIN GEOİQTİSADİ MÖVQEYİNİN MÖHKƏMLƏNMƏSİ

image-a19539f8-c05a-4937-ad7a-ff6e19cb9fcabackend

Azərbaycan öz dövlət müstəqilliyinin bərpa olunmasından sonrakı illər ərzində daxili və xarici siyasət sahəsində böyük uğurlara imza atmışdır. Müasir Azərbaycanın siyasi müstəqilliyinin bünövrəsi olan iqtisadi müstəqilliyimizin dayaqları hələ keçən əsrdə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Təsadüfi deyil ki, iqtisadiyyatımızın müasir dayaqları, məhz 1969-1982-ci illərdə qoyulmağa başlamış və böyük uğurlar əldə edilmişdir.

Heydər Əliyevin dövlətçilik strategiyası ölkənin tarixi-iqtisadi xüsusiyyətlərini, geosiyasi şəraiti, milli mənafeyi, müasir dövrün tələblərini əsas tutaraq fəaliyyətin prioritet istiqamətlərini özündə əks etdirir. Makroiqtisadi sabitləşmə, bütün sahələrdə islahatların həyata keçirilməsi, beynəlxalq inteqrasiya proseslərinə fəal surətdə qoşulma, ölkənin geosiyasi və geoiqtisadi mövqelərinin möhkəmləndirilməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, xarici iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə kredit təşkilatları ilə əlaqələrin təkmilləşdirilməsi kimi vacib və zəruri məsələlər ölkənin dövlətçilik strategiyasında xüsusi yer tuturdu.
Ötən əsrin sonlarından etibarən Azərbaycan sosial-iqtisadi və mədəni həyatda böyük təkamül yolunu inamla keçərək sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanınır. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. İqtisadi inkişafdan qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş.
Azərbaycanın XX əsrdəki inkişafı dinamik olmuşdur. Bu dinamik inkişafın təmin olunması neft və qaz sənayesi ilə yaxından bağlı olmuşdur. Əsrin birinci yarısında Azərbaycan neftqazçıxarma sənayesinin dünya sənayesinin inkişafında oynadığı rolu düzgün qiymətləndirməyə əsas verir. Azərbaycanda neft hasilatı qədim və zəngin tarixə malikdir. Eramızdan min illər qabaq burada ibtidai üsullarla neft çıxarıldığı və karvan yolları ilə müxtəlif ölkələrə daşındığı faktlarla sübut olunur. Neftin sənaye üsulu ilə hasil edilməsinin, emalının, tankerlərlə, dəmir yolu ilə, boru kəmərləri ilə nəql edilməsinin, sahildə, açıq dənizdə və dənizin dərinsulu hissələrində neft yataqlarının kəşf və istismar olunmasının əsası Azərbaycanda qoyulmuşdur.
Bakı neftçiləri həmişə neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində çoxsaylı ideyaların generatoru olaraq tanınmış, misilsiz fədakarlıqlar göstərərək, ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Buna görə də Bakı uzun müddət dünyanın neft akademiyası hesab edilmişdir.
1969-cu ildə birinci dəfə respublikamızın rəhbərliyinə gələn Ulu öndər Heydər Əliyev milli iqtisadiyyatda tarixən həlledici rol oynamış neft sənayesinin əvvəlki şöhrətini özünə qaytarmaq, mövcud təbii və intellektual potensialdan səmərəli istifadə etməklə bu sahənin dinamik inkişafına nail olmaq vəzifəsini qarşıya qoydu. Neft sənayesinin innovasiyalar üçün münbit zəmin olduğunu yaxşı bilən Heydər Əliyev özünəməxsus böyük uzaqgörənlik nümayiş etdirərək, Ümumittifaq neft sənayesinin konseptual inkişaf perspektivlərini təmin edən bir çox təsisatları – elmi-tədqiqat institutlarını, istehsalat birliklərini, mühüm strateji müəssisələri Bakıda cəmləşdirdi. Məqsəd neft sənayesində elmtutumlu müasir sahələrin inkişafına təkan verməkdən, aktual və prioritet istiqamətləri müəyyənləşdirməkdən, keçmiş SSRİ-nin elmi-texniki fikrini bu istiqamətlərə yönəltməklə son nəticədə bütün mümkün vasitələr hesabına Azərbaycan neft təsərrüfatının modernizasiyasını həyata keçirməkdən və respublikamızı yenidən iri neft mərkəzlərindən birinə çevirməkdən ibarət idi. Dünya neft sənayesinin gələcək inkişaf yolunun məhz dənizdə neftçıxarma ilə bağlı olacağını irəlicədən görən Ulu öndərin rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı fəaliyyətə başlanıldı.
Məlum olduğu kimi, 1970-ci ilə qədər Xəzər dənizində istifadə olunan texniki vasitələr dənizin cəmi 40 metrədək dərinliyində işləməyə imkan verirdi. Xəzərin Azərbaycan sektorunda bu dərinliklərdə olan perspektiv strukturlar isə, demək olar ki, bütünlüklə kəşf olunmuşdu. Buna görə əvvəlcə dənizin 70 metr dərinliyində kəşfiyyat-axtarış işləri aparmağa imkan verən “Xəzər” tipli üzən qazma qurğuları alındı. Görülən tədbirlər tezliklə “Bahar” və “Bulla-dəniz” yataqlarının açılması ilə nəticələndi.
Artıq 1970-1980-ci illərdə “Şelf” tipli o dövr üçün ən müasir yarımdalma üzən qazma qurğularının respublikaya gətirilməsi dərinsulu sahələrdə zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yaratdı. 80-ci illərdə bu qurğuların sayı 11-ə çatmışdı. “Şelf” tipli qurğular Azərbaycana uzun müddət xidmət etdi və müstəqillik dövründə “Dədə Qorqud”, “İstiqlal” kimi daha modern qurğuların yaranması üçün təməl rolunu oynadı.
Azərbaycanda neft sənayesinin müasirləşdirilməsi istiqamətində görülən mühüm tədbirlərdən biri də Dərin Dəniz Özülləri Zavodunun inşası olmuşdur.
Neftayırma zavodlarının artan istehsal güclərindən səmərəli istifadə etmək məqsədi ilə Rusiya və Qazaxıstandan böyük miqdarda xam neft idxalına başlanılmış, yükdaşımaların həcmi artmışdı. 1983-cü ildə Ulu öndərin təşəbbüsü əsasında Sibir neftinin Bakı zavodlarına nəql edilməsi məqsədi ilə İttifaq əhəmiyyətli Qroznı-Bakı neft kəmərinin istifadəyə verilməsi respublika ərazisində ətraf mühitə, o cümlədən, Xəzər dənizinin ekologiyasına mənfi təsirlərin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olmuşdu.
Beləliklə, ötən əsrin 70-80-ci illərindən neft sənayesinin müasirləşdirilməsi istiqamətində atılan addımlar umumilikdə respublika iqtisadiyyatının güclənməsi üçün möhkəm zəmin yaratmışdı
1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə bu qalibiyyətli strategiyanın icrasına start verildi. Strategiyanın mahiyyətini xarici sərmayələrin köməyi ilə neft-qaz sənayesini müasirləşdirmək, bu sektordan əldə ediləcək gəlirləri iqtisadiyyatın digər sahələrinə yönəltmək və ümumi iqtisadi-siyasi dirçəlişə nail olmaq məqsədləri təşkil edirdi. Siyasi səciyyəsi etibarı ilə Azərbaycanın dövlət müstəqilliyinin iqtisadi qarantı olan yeni neft strategiyası – bütövlükdə ölkənin modernləşmə və davamlı inkişaf doktrinası idi. Bu strategiyanın gerçəkləşməsi həqiqətən də Azərbaycan Respublikasının, ölkə iqtisadiyyatının, xüsusilə neft sənayesinin yeni inkişaf mərhələsinə qədəm qoymasına, müasirləşməsinə güclü təkan vermişdir.
İlk növbədə qeyd olunmalıdır ki, ölkə üzrə neft və qaz hasilatı sahəsində tarixdə görünməmiş yüksəliş qeydə alınmışdır. Geoloji və geofiziki tədqiqatlarda, qaz və neft yataqlarının ehtiyatlarının dəqiqləşdirilməsində yeni üsullar, mükəmməl maili qazmanın köməyi ilə lay boyu horizontal qazma metodu, neftvermə əmsalının artırılması kimi yeniliklərin tətbiqi nəticəsində Azərbaycanın neft ehtiyatları 2 milyard tona, qaz ehtiyatları isə 2,2 trilyon kubmetrə qədər artırılmışdır. Ölkə üzrə neft hasilatı ilbəil artaraq 2010-cu ildə 51 milyon tona, qaz hasilatı isə 27 milyard kubmetrə çatmışdır. “Əsrin müqaviləsi”nin imzalandığı tarixdən 2010-cu ilədək Azərbaycanın neft-qaz sektoruna xarici şirkətlər tərəfindən 37 milyard ABŞ dolları həcmində sərmayə qoyulmuşdur. Respublikanın enerji müstəqilliyi tam təmin olunmuş, Azərbaycan təbii qaz idxal edən ölkədən regionda və bütün dünyada mühüm qaz ixracatçısı kimi tanınan bir ölkəyə çevrilmişdir. Qısa müddət ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikilib istismara verilmiş, şaxələndirilmiş etibarlı ixrac neft-qaz kəmərləri sistemi yaradılmışdır. Səngəçalda inşa edilmiş terminal dünyanın bu qəbildən olan ən böyük müəssisələrindən biridir. Xəzər dənizinin dərin hissələrində yerləşən kəşfiyyat bloklarında qazma işlərini sürətləndirmək üçün tikilməsinə, yenidən qurulmasına və müasirləşdirilməsinə 700 milyon ABŞ dollarından artıq sərmayə qoyulmuş 4 nəhəng dəniz qazma qurğusunun- “Dədə Qorqud”, “İstiqlal”, “Qurtuluş” və “Lider”in (Xəzərdəki bu ən əzəmətli qurğu hazırda Ulu öndər Heydər Əliyevin adını daşıyır) əldə olunması da neft sənayemizin şəksiz uğurlarından hesab edilməlidir.
Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası ölkə iqtisadiyyatının flaqmanı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin inkişaf edərək böyüməsinə, genişlənməsinə, beynəlxalq standartlara uyğunlaşmaqla modern bir şirkətə çevrilməsinə zəmin yaratmışdır. “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, BTC, Cənubi Qafqaz ixrac qaz kəməri kimi irimiqyaslı layihələrin həyata keçirilməsində nüfuzlu beynəlxalq şirkətlərlə tərəfdaşlıqdan əldə etdiyi zəngin müasir təcrübə və yeni texnologiyalar şirkətin inkişafında keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin əsası olmuşdur. Müstəqillik dövründə ilk dəfə olaraq daxili qüvvələr hesabına Xəzər dənizindəki “Ümid” strukturunda aparılmış kəşfiyyat-qazma işlərinin uğurla nəticələnməsi, burada böyük ehtiyatlara malik yeni bir yatağın açılması deyilənlərin parlaq nümunəsidir. Şirkət karbohidrogenlərin axtarışı, hasilatı, nəqli, emalı, marketinqi, satışı, habelə neft-kimya məhsullarının istehsalı ilə məşğul olan çoxsahəli, inteqrasiya edilmiş struktura malikdir.

Nəhayət Mübariz qızı Hüseynli

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90