Azərbaycan prezidenti İlham Əliyev İspaniyanın “El Pais” qəzetinə müsahibəsində vurğulayıb ki, Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib.
“Azərbaycanın mövqeyi açıq və aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə qalib gəlmişik, biz qalibik və bu reallığı nəzərə almaq lazımdır. Qarabağın statusu barədə hər hansı müzakirəyə dönüş yoxdur, Dağlıq Qarabağ münaqişəsi bitib”, – “İnterfaks-Azərbaycan” dövlət başçısının sözlərindən sitat gətirir.
İlham Əliyevin sözlərinə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Qarabağda hazırkı vəziyyət Ermənistan və Azərbaycan sərhəddindən daha sabitdir.
Azərbaycan prezidenti onu da qeyd edib ki, Ermənistan hər hansı düşmənçilik hərəkətlərindən və ərazi iddialarından çəkinməli, sülh müqaviləsi üzərində işləməlidir: “Biz qonşuyuq və heç birimiz başqa planetə uçmayacağıq. Biz yan-yana yaşamağı öyrənməli, münasibətlərin, o cümlədən insanlar arasında təmasların normallaşması üçün tədricən zəmin hazırlamalıyıq. Biz buna hazır olduğumuzu açıq şəkildə bəyan etmişik. Amma indiyədək heç bir müsbət siqnal olmayıb”.
Dövlət başçısı vurğulayıb ki, Ermənistanın müharibədə məğlubiyyəti yüksək gözləntilər və hərbi-siyasi potensialın qeyri-real qiymətləndirilməsi səbəbindən onların cəmiyyətində psixoloji travma yaradıb”.