BNA-dan ABSURD KONSEPSİYA: “Taksilərdə vahid tariflərin tətbiqi bahalaşmaya səbəb olacaq” – XƏBƏRDARLIQbackend

“Əgər vahid taksi tarifləri tətbiq olunarsa, taksi şirkətləri arasındakı rəqabət mühiti tamamilə sıradan çıxacaq”.

Busaat.az xəbər verir ki, bu fikirləri Bakı Nəqliyyat Agentliyinin (BNA) ölkədə vahid taksi tariflərinin tətbiq edilməsi təşəbbüsünə münasibət bildirən ekspert İlqar Hüseynli deyib.

İlqar Hüseynli hesab edir ki, vahid taksi tariflərinin tətbiq olunması taksi şirkətləri arasındakı mövcud rəqabət mühitini aradan qaldıracaq:

“Dünyanın inkişaf etmiş və digər ölkələrində taksi xidməti vahid tarif əsasında fəaliyyət göstərir. Hər bir avtomobildə taksometrlər quraşdırılır və hesablama bu qurğu vasitəsilə həyata keçirilir.

Lakin tariflər ölkələrə görə fərqlidir. Məsələn, Avropa ölkələrində taksi xidmətindən istifadənin məbləği çox yüksəkdir. Eyni zamanda, Azərbaycanla müqayisədə Türkiyədə də taksi xidməti daha bahalıdır.

Hazırda ölkəmizdə taksi xidmətini həyata keçirən müxtəlif şirkətlər var. Bu şirkətlər arasında rəqabət olduqca böyükdür və hər biri daha ucuz xidmət təklif etməklə, bazarda üstün mövqeyə çıxmaq istəyir.

Əgər vahid taksi tarifləri tətbiq olunarsa, taksi şirkətləri arasındakı rəqabət mühiti tamamilə sıradan çıxacaq. Çünki istehlakçı istifadə etdiyi taksi şirkətində qiymətin daha səmərəli və ucuz olmadığını gördükdə, xidmətin operativ olub-olmadığına maraq göstərməyəcək”.

Qiymətlərlə bağlı məsələyə də toxunan ekspert vurğulayıb ki, bu təklif reallaşarsa, taksi xidmətinin bahalaşacağı qaçılmazdır:

“Qiymətləri Tarif Şurası müəyyən edəcəksə, bu zaman hansı amillərin əsas götürüləcəyi bilinmir. Avropa standartlarına istinad edilərsə, o halda qiymət yüksək ola bilər. Postsovet məkanında isə taksi xidmətindən istifadə müəyyən qədər ucuzdur.

Praktika göstərir ki, Tarif Şurasının qiymətləndirmə meyarından keçən bütün xidmətlərdə həmişə bahalaşma baş verib. Biz dəfələrlə bunun şahidi olmuşuq”.

Qeyd edək ki, BNA taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə konsepsiya hazırlayıb.