Bu gecədən internetin verilməsi dayandırılacaq? – RƏSMİ AÇIQLAMAbackend

“Sosial şəbəkələrdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) adından 16 dekabr saat 00:00-dan qərb rayonlarında internetin verilməsinin tam dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Bu sözləri NRYTN-nin Mətbuat katibi Günel Gözəlova deyib. O bildirib ki, sözügedən məlumat nazirliyin loqosuna oxşar, ancaq NRYTN-nə məxsus olmayan loqo ilə və rayonların siyahısı da əlavə olunmaqla sosial şəbəkələrə yerləşdirilir:

“Bu məlumat həqiqəti əks etdirmir. Vətəndaşlardan xahiş edirik ki, yalnız rəsmi mənbələrdən verilən məlumatlara etimad etsinlər. Sosial media hesablarında bu kimi yalan məlumatlarla qarşılaşdıqda onların ekran görüntülərini (skrinşot) paylaşaraq kütləviləşdirməsinlər. Həmçinin, baş verən kiberinsidentlərlə bağlı ekran görüntülərini və digər elektron sübutları saxlasınlar və bizə göndərsinlər.

Hər hansı kiberinsidentlə üzləşdikdə və ya metodiki dəstəyə ehtiyacları olduqda, vətəndaşlar www.cert.az saytı və ya [email protected] e-poçtu vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilərlər”.

Redaktor.az