“Bu şərtlər olmasa, ölkəyə investorlar gəlməyəcək” – İqtisadçı rəyi

image-investorlarbackend

“Ölkəyə investor cəlb etmək üçün vergi və gömrük məcəlləsi beynəlxalq standartlara cavab verəcək şəkildə yenidən tərtib edilməlidir”.

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) “Dünya İnvestisiya Hesabatı” (World Investment Report 2021) adlı sənəd yayılıb. Sənədə görə, 2019-cu ildə Azərbaycana 1 milyard 504 milyon dollar xarici investisiya yatırılıbsa, 2020-ci ildə bu rəqəm cəmi 507 milyon dollar olub. Bu, bir il içində 66% azalma deməkdir.

Busaat.az xəbər verir ki, mövzuyla bağlı iqtisadçı Natiq Cəfərli öz fikirlərini bölüşüb. İqtisadçıya görə, ölkəyə xarici şirkətlər gəlsə də, onlar investor deyil:

“Xarici şirkətlər dövlət investisiya layihələrindən pay almaq üçün gəlmək istəyir, hətta indi növbədə gözləyirlər ki, təki büdcə layihələrindən yer alsınlar. Bu şirkətlər investor deyil, iş icracısıdırlar və Azərbaycan kimi həmkarlar təşkilatı olmayan, sivil toplumu zəif olan ölkələrdə məmnuniyyətlə büdcə layihələrində iş görmək istəyirlər. Ölkəyə investor cəlb etmək üçün Azərbaycanın beynəlxalq təşkilatlara üzvlüyünün, Ümumdünya Ticarət Təşkilatı və Avropa Birliyi ilə yeni sazişin imzalanmasının sürətlənməsi xarici investorlar üçün müsbət siqnal ola bilər.

İkinci  vacib amil məhkəmə islahatlarının aparılmasıdır. İnvestorlar üçün çox vacibdir ki, azad, ədalətli və sürətli şəkildə qərarlar ala bilsin. Hansısa bir problem yaranarsa, məhkəmələrdə ədalətli qərarların alınması çox vacibdir. Ən azı bu şərtlər olmasa, ölkəyə investorlar gəlməyəcək, gələnlər isə büdcə xərclərinin “istisinə” toplanacaq, bizə isə o xərclərin “tüstüsünü” udmaq qalacaq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90