Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar.
Busaat.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
Əmək müqaviləsi ilə çalışan işçi qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əməkhaqqı almaq, sosial sığorta sistemində iştirak etməklə gələcək pensiya hüququ qazanmaq, sağlam və təhlükəsiz əmək şəraitində çalışmaq hüququna malikdir.
Bununla yanaşı, əmək müqaviləsi ilə işləyən şəxslər ödənişli və ödənişsiz məzuniyyətlərdən istifadə edə, iş vaxtından artıq işə cəlb olunduqda əlavə əməkhaqqı ala bilərlər.
Həmçinin həmin işçilər icbari tibbi sığorta, işsizlikdən sığorta, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta ilə təmin olunurlar.
Nazirlik bildirir ki, əmək müqaviləsi olmadan çalışan şəxslər qeyd olunan əmək və gələcək pensiya hüquqlarından məhrum olurlar.
Əmək müqaviləsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində işçi və işəgötürən tərəfindən elektron qaydada imzalandıqda hüquqi qüvvəyə minir.









