Çavuşoğlu, Əsədov və Bayramov Bakıdan Türkiyəyə qoşuldu – Fotobackend

Türkiyədə Milli Ağaclandırma Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

Busaat.az  “CNN Türk”ə istinadən xəbər verir ki, aksiyada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib. Həmçinin aksiyaya canlı yayım vasitəsilə Azərbaycanda da Baş nazir Əli Əsədov, Xarici İşlər naziri Ceyhun Bayramov və hazırda Azərbaycanda səfərdə olan Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu qoşulublar.

Çavuşoğlu diplomatik çalışmalara dəstək vermək üçün Azərbaycanda olduğunu bildirib və qeyd edib ki, aksiya çərçivəsində Bakıda 11 min ağac əkiləcək. Əkiləcək tinglərin əksəriyyəti zeytun tingləridir.

Xarici İşlər naziri Ceyhun Bayramov Türkiyə Prezidentinə son 40 gündə Azərbaycan xalqının mücadiləsinə verilən dəstəyə görə təşəkkür edib: “Biz bu dəstəyi günbəgün gördük. Mövlud bəy qısa müddət rəzində 5 dəfə Azərbaycanda oldu. Sizə buna görə çox təşəkkür edirik”.

R. T. Ərdoğan isə qeyd edib ki, Türkiyə xalqı qardaş Azərbaycanın yaşadığı həyəcanı bu günlər ərzində yaşayıb:

“Bu həyəcanı sizinlə birlikdə yaşadıq. “Bir millət, iki dövlət anlayışı” içərisində bütün səylərimizi ortaya qoyduq. Bundan sonra da “bir millət, iki dövlət” olaraq bu yolla yürüyəcəyik. Necə bu gün əkilən zeytun fidanları ağac olacaqsa, yüz minlərlə zeytunu Azərbaycanlı qardaşlarımız toplayacaqsa, bundan sonra da Qarabağ azərbaycanlı qardaşlarımızın yenidən döndüyü torpaqlar olacaq”.

Gülnar Əliyeva