“Cəbhədə döyüşmək üçün çoxsaylı müraciətlər daxil olur”- Azərbaycanın baş konsulubackend

“Qardaş Türkiyə dövləti və onun vətəndaşları hər zaman yanımızda olub, çünki onlar bizim haqq yolda olduğumuzu bilirlər. Eyni zamanda 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı geri qaytarmaq üçün işğalçı Ermənistan rejimi ilə apardığımız mübarizənin şahididirlər”.

Busaat.az xəbər verir ki, bu fikirləri  Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva deyib.

Onun sözlərinə görə, Türkiyənin dəstəyini yalnız çox yüksək dəyərləndirmək olar: “Azərbaycana xaricdən dəstək o qədər böyükdür ki, buna yalnız minnətdarlığımızı bildirə və hər bir mövzuda qarşılıqlı dəstəyimizi ifadə edə bilərik”.

Baş konsul diplomatik nümayəndəliyin binasına gələn və könüllü olaraq Azərbaycan Ordusuna yazılan Türkiyənin dörd bir yanında yaşayan həmvətənlərimiz və türk gənclərindən də söz açıb: “Artıq günlərdir ki, çoxlu sayda həmvətənimiz və Türkiyə vətəndaşları konsulluq binasına gəlirlər, zəng edirlər, sevinc və dəstək hisslərini bölüşürlər. Biz bunu çox yüksək qiymətləndiririk və eyni zamanda, bu həssas məqamda daha diqqətli olmağın və mövcud vəziyyətə anlayışla yanaşmanın məsuliyyətini dərk edirik”.

N.Mustafayeva deyib ki, cəbhə bölgəsində hərbi əməliyyatlar başlamazdan öncə də Ermənistan silahlı qüvvələrinin bundan öncəki hərbi təxribatları fonunda könüllü olaraq hərbi xidmətə yazılmaq üçün Baş Konsulluğa çoxsaylı müraciətlər daxil olub: “Vətəni qorumaq, Silahlı Qüvvələrimizə qoşulmaq üçün son günlərdə həm İstanbulda yaşayan ölkə vətəndaşlarımızdan, həm də qardaş Türkiyə Respublikası vətəndaşları tərəfindən ünvanlanan müraciətlərin sayı artıq 200-ü ötür. Nümayiş olunan vətənpərvərlik və həmrəylik hissləri bizi sevindirir və qürurlandırır. Fürsətdən istifadə edib bu gün dünyanın hər yerində birlik və həmrəylik nümayiş etdirən bütün həmvətənlərimizə təşəkkürümüzü bildiririk”.

 

Nərminə Mustafayeva

Nərminə Mustafayeva

Report