“Çoxları elementar biliyi, qabiliyyəti olmayan, jurnalist adına yaramayan adamlardı…”

“Çoxları elementar biliyi, qabiliyyəti olmayan, jurnalist adına yaramayan adamlardı…”backend
Moderator.az saytının bugünkü qonağı Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məciddir.
 
– Ən çox oxunanlar siyahısında olan “525-ci qəzet”in baş redaktorusunuz. Qəzetinizdə gənclərə çox yer ayırırsınız. Heç düşünmüsünüzmü ki, imzası tanınmayan gənclərə redaksiyanın qapısını açmaq qəzetin nüfuzuna xələl gətirə bilər?
– Əksinə, mən güvəndiyim gənclərə, istedad işartısı hiss etdiyim gənclərə qəzetdə həmişə mənmuniyyətlə yer ayırmışam. “525-ci qəzet”in ilk sayı 1992-ci ildə noyabrın 17-i çap olunub. Və o zaman da mən müraciət etmişdim bütün gənclərə ki, “525-ci qəzet” gənclərin qəzeti olacaq. Gəlin, qapılarımız sizə açıqdır. O vaxtdan sonra da istedadlı gənclərə, istedadını hiss etdiyim gənclərə qəzetdə ürəkdolusu yer vermişəm. Heç vaxt da peşmançılıq çəkməmişəm. Düzdür, bu gənclərin arasında bəziləri olub ki, jurnalistikaya, ədəbiyyata o qədər də meyl etməyib, sonra başqa yol seçiblər. Amma, zaman keçdikcə “525-ci qəzet” həm bizim yaşlı, qocaman, klassik yazarların, ziyalıların, mədəniyyət adamlarının qəzetinə çevrilib. Eyni zamanda, gənclər də heç vaxt “525-ci qəzet”dən uzaq qalmayıb. Bir sözlə, gənclərə yer ayırdığımız üçün mən həmişə qürur duymuşam.
 
– Sirr deyil ki, bir çox gənclərin ədəbi mühitdə tanınmasında rolunuz böyükdür. Bəzən bu gənclərin sizin əleyhinizə yazdığı statusların da, verdiyi müsahibələrin də şahidi oluruq. Amma, belə görürəm, gənclərə olan ümidləriniz həmişəyaşıldır. Maraqlıdır, Rəşad Məcid ümidlərini xəzanlardan necə qoruyur?
– Bəzən bəzi gənclərdən nankorluq görəndə, əleyhimə yazılan statusları oxuyanda və yaxud da bəzən Yazıçılar Birliyini tərk edən gənclərlə bağlı pessimist məqamlarım olur. Düşünürəm ki, bəlkə mən gənclərə həddindən artıq çox güvənirəm. Bu məqamda, “Ulduz” jurnalının baş redaktoru şair Qulu Ağsəsin bir sözü yadıma düşür: “Rəşad Məcid gəncləri yetişdirmir, onları qudurdur”. Bilirsiniz, Qulu Ağsəs bunu haçan deyir? Mənim gənclərə həddindən artıq güvənməyimi sezəndə, onları tərifləyəndə, onlara imkan yaradanda, onları təbliğ edəndə… Bu sözü həmişə təbəssümlə xatırlayıram, amma mən “qudurmaq” sözünü gənclərə və heç kimə yaraşdırmıram. Ola bilər, gənclər “ulduz xəstəliyi”nə tutulur. Bunu da normal qarşılamağa çalışıram. Müəyyən dövrlərdə hansısa insanda mənəvi təbəddülatlar olur. Amma stedad məni həmişə təsirləndirir. İstedadlı gənclərə kömək etməkdən zövq alıram. Bəzən istedadına güvəndiyim gənclər məndən küsür, əleyhimə danışır. Umurlar ki, onları təbliğ edim, amma yenə deyirəm, mən istedad əlamətləri hiss etmədiyim gənclərə dəstək ola bilmirəm. Ola bilər, kiminsə yazısını çap edim, amma istedad hiss etdiyim gənclərə daha çox ürəkaçıqlıq göstərirəm. Heç vaxt da peşman olmuram, müvəqqəti məyusluğum olur, amma peşmançılıq yox.
– Bu yaxında bizim jurnalistlərimiz Ermənistana, Şuşaya, Kəlbəcərə, erməni jurnalistləri də Bakıya baş çəkdilər. Bakıda olan zaman erməni jurnalistləri, hətta, fəaliyyət göstərməyən kilsələrini də ziyarət etdilər. Bəs belə bir təşəbbüs yenə olsa, bu dəfə bir jurnalist kimi sizi ora göndərsələr, doğma Laçında, Ağdamda ilk görmək istədiyiniz yer hara olardı?
– Jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət birmənalı olmasa da, mən bunun həmişə tərəfdarı olmuşam. Düşünürəm ki, jurnalistlərin ora getməsinin bizə ziyanı yoxdur, xüsusən də, Qarabağı bilən, ora bağlı olan jurnalistlərin o torpaqlara getməsi və təsirli yazılar yazması Qarabağı unudulmağa qoymayacaq. Bizə Qarabağı xatırladacaq. Eyni zamanda, erməni jurnalistlərin də gəlib Bakını görməsində bir qəbahət görmürəm. 2001-ci ildə BMT-nin təşəbbüsü ilə, BMT-nin kiçik bir təyyarəsində bir neçə həmkarımla birgə İrəvana getmişdik, amma Qarabağa getməmişəm. Şübhəsiz ki, doğma, uşaqlığımın keçdiyi məkanları: Şuşa, Laçın, Ağdamı təkcə yuxularda yox, realda görmək çox təsirli ola bilər… Amma o yerləri jurnalist kimi, turist kimi gedib görməyi də istəmirəm. Mən çox arzulayıram ki, Qarabağ işğaldan azad olunsun və biz o yerlərə qayıda bilək. Hərdən bu ümid öləzisə də, yaşayır. Yaşayan ümid mənə inam verir ki, deyim: “Biz mütləq o yerlərə qayıdacağıq!”
– Kifayət qədər tanınmış insansınız. Baş redaktor, jurnalist, yazıçı, AYB-nin katibi, Əfv komissiyasının üzvü… Bəs, millət vəkili olmaq ürəyinizdən keçmirmi?
– Bir neçə dəfə, 2000-ci və 2005-ci ildə Ağcabədidən, 82-ci saylı dairədən namizəd olmuşam və yaxşı da təbliğat aparmışam. Yadımdadır ki, 2000-ci ildə iqtidar tərəfdən olan deputatlar demişdilər ki, “ən yaxşı seçki kampaniyasını sən apardın”. Orijinal kampaniya qurmuşdum. Hər həftənin eyni günündə; hər çərşənbə qəzetlərdə Azərbaycanın ziyalıları, Xalq yazıçıları, Xalq şairləri, Xalq artistlərinin mənə dəstək yazıları çıxırdı. Bir, xüsusi buraxılış nəşr etdim, böyük reaksiya doğurdu. Hal-hazırda da məni həmin dairədə tanımayan yoxdur. Amma indi mənim nə 35, nə 40 yaşım var. Daha təmkinliyəm. Təbii ki, daha gənc olsaydım, millət vəkili olmaq istərdim. İndi isə belə bir arzuya skeptik yanaşıram.
– Bir gün jurnalistika ilə tamamilə sağollaşsanız, “525-ci qəzet”i kimə etibar edərdiniz?
– Bəzən mənə elə gəlir ki, mən olmasam, müavinlərim olmasa, heç işçilər də olmasa, “525-ci qəzet” çıxacaq, işıq üzü görəcək; axı o, tarixi olan bir qəzetdi. Azərbaycanda “525-ci qəzet”in çoxlu yetirmələri var, bunlar həm peşəkar jurnalistlərdi, həm müxtəlif dövlət qurumlarında çalışan insanlardı, həm də televiziyaların və beynəlxalq təşkilatların əməkdaşlarıdı. “525-ci qəzet”də mənim müavinlərim – Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov kimi məsuliyyətli və işini bilən insanlar həmişə mənimlə birgə bu qəzetin yükünü çəkib. Məncə, işini sevən və eləcə də, gördüyü işə sevgi qatan insanlar var olduqca “525-ci qəzet” fəaliyyətini davam etdirəcək. Mən qəzetin kağız variantına da uzun ömür arzu edirəm, elektron variantı da həmişə olacaq və yaşayacaq.
– Keçmişdən gələcəyə daşıdığınız xatirələr varmı? Əgər keçmişə qayıtmaq şansınız olsaydı, nəyi dəyişmək istərdiniz?
– Hərdən insan keçmişlə bağlı təəssüf hissi keçirir, nəyisə dəyişməyi arzulayır, xiffət çəkir. Bəzən belə ovqatda olanda Məmməd Arazın məşhur “Mehmanxana xidmətçisi” şeiri yadıma düşür… Uzun şeirdi, amma bir-iki misrası var ki, həmişə dilimdədir: “Gərəklərə qalsa gərək…” Yəni, “gərək”lərlə həyatı puç etməyə dəyməz. Keçmiş artıq yaşanmışdır. Tale nə veribsə bu gün onu qorumaq, saxlamaq böyük qəhrəmanlıqdır.
– Hər zaman sizi pozitiv, şən, gülərüz, enerjili görürük. Bəs daxilinizdəki insan? O necə? O da bu xüsusiyyətləri özündə daşıyır? Ya o, daha kövrək və həssasdır?
– Çox adam məni şux, gülərüz görür, amma mənim də bədbin, məyus vaxtlarım olur. Bəzən də bədbin vaxtlarımda məni görənlər soruşur ki, nə baş verir, nə olub? Sizi həmişə şux görmüşük. İstər-istəməz, özümü həmişə şux göstərməyə çalışmışam. Xoş ovqatda olmağa çalışmışam. İnsanlara neqativ enerji verməməyə çalışmışam. İstəmişəm ki, hamıya xoş enerji ötürüm. Şübhəsiz ki, bu da hər zaman alınmır. Ovqatım an içində dəyişə bilər, hər hansı bir xoş sözdən, xoş informasiyadan, hansısa bir musiqidən göydə uça bilərəm. Və eyni şəkildə də, hansısa bir mənfi enerjidən, mənfi informasiyadan ovqatım təlx ola bilər. Dəyişkən ovqatım var. Əslində, belə adamlarla çətindir.
– Nəsr, yoxsa şeir?
– Şeirin öz yeri var, nəsrin öz yeri. Nəsr daha çox zəhmət tələb edir. Daha çox oturmaq, işləmək, əziyyət tələb edir. Nəsr yazmaq həmişə arzum olub, sadəcə, gileylənmişəm ki, nəsr yazmaq ab-havası, bir otağa çəkilmək ovqatı yoxdur. Ona görə bəzən təəssüflənmişəm. Bu yaxınlarda “Qələmsiz yazılanlar” adlı kitabım çıxdı. Bu kitab status-esselər və sms-esselərdən ibarətdir. Kitaba hörmətli akademikimiz İsa Həbibbəyli “Ön söz” yazdı və bu status-esseləri, sms-esseləri ədəbiyyatda və jurnalistikada yeni janr adlandırdı. Bundan çox mənmun oldum. Kitab, həmçinin, Türkiyədə işıq üzü gördü, İstanbulda Türk Ədəbiyyatı Vəqfinin binasında təqdimatı keçirildi. Bu məsələ ətrafında, bu statusların, ümumiyyətlə, sosial şəbəkə ədəbiyyatının yeni bir janr olub-olmaması haqda Türkiyədə də artıq diskusiyalar gedir. Ola bilsin ki, bu yeni janrın, bu smslərin, statusların nəsrlə şeirin ortasında yeri var.
 
– “Qala-Adam” şeirində yazıbsınız ki, “Hər adamın sığınmağa Bir qalası olsun gərək”. Bəs, sizin “qalanız” kim olub?
– Mən indi də düşünürəm ki, məhz o qala olmalıdı, insanın gizli bir sərvəti kimi, müqəddəsləşdirdiyi, bütləşdirdiyi bir insan, bir qala olmalıdı. Özü də toxunulmaz, möhkəm bir qala. Mənim də həyatımda o qalalar olub. Və yəqin ki, olacaq da.
– Məşhur “Çiyələk qadın” kimdir? Sirr deyilsə…
-“Çiyələk qadın” şeiri xüsusən Əməkdar artist Xumar Qədimova bu şeirə mahnı bəstələyəndən sonra çox məşhurlaşdı. Sevindirici oldu ki, o mahnını dinləyən, o şeiri oxuyan qadınların çoxu dedi ki, elə bu mənə yazılıb. Ən əsas da son bənd:
“Bilmədim iblissən, ya mələk qadın,
Ətri, gözəlliyi çiyələk qadın…
Bir də gəlməyəcək sənin tək qadın
Nə mənim dünyama, nə bu dünyaya…”
Hər bir qadın hansısa kişinin həyatında bu statusda olmaq istəyir. Və hesab edir ki, ondan üstün qadın yoxdur, onun kimi qadın bir də gəlməyəcək. Təki, bu cür qadınlarımız çox olsun. Və, şübhəsiz ki, mənim həyatımda da elə qadın var.
 
– 11 dilə tərcümə olunmuş “10 sentyabr” hekayəsi oxucular tərəfindən çox böyük maraqla qarşılandı. Gözləyirdiniz ki, bu hekayə bu qədər məşhurlaşacaq, müzakirə olunacaq?
– “10 sentyabr” hekayəsini mən 2003-cü ildə yazmışam. O zaman Amerikanın İraqa hücum ərəfəsi idi, müharibə ərəfəsi idi. Və mən həmişə demişəm, indi də tez-tez deyirəm ki, o vaxt mənim sadəlövh inamım vardı. İnanırdım ki, bu hekayə ilə mən müharibənin qarşısını alacağam. Geniş mənada götürəndə, bu, mənim ədəbiyyata inamımın nəticəsidir və mən ədəbiyyata həmişə bu cür baxmışam. Düşünmüşəm ki, ədəbiyyat müharibənin, şərin qarşısını ala biləcək qüdrətdədir. Mən elə bilmişəm, ədəbiyyat dünyanı gözəlləşdirə bilər, yaxşılaşdıra bilər, ancaq xeyir ideyaları yaya bilər. “10 sentyabr” hekayəsi çap olunandan sonra xoş reaksiyalar gəldi. Bir gün işə gələrkən Anar müəllimin məktubunu gördüm; həmin hekayə haqqında xoş təəssüratlar bildirmişdi. Onda mən hələ heç AYB-də işləmirdim. Ramiz Rövşən də bu hekayə haqqında xoş təəssüratlar bildirmişdi. Sonralar Elçin müəllim və digər bizim tanınmış ədəbiyyat adamları da hekayə ilə bağlı xoş münasibətlərini bildirdilər. Və dünyanın 20-dən çox dilinə tərcümə olundu. Dostlar mənə sürpriz edib Bakıda bu hekayəni 11 dildə çap etdilər. Ondan sonra nəsr yazmamışam, amma, istərdim yazam. Ümumiyyətlə, ədəbiyyatın gücünə dəyişməz inamım həmişə qalır.
– AYB-nin gənclərlə iş üzrə katibi kimi cavab verməyinizi istərdim. Bu günün gəncliyi dünənin gəncliyindən nə ilə fərqlənir? Azərbaycan gəncini necə görmək istərdiniz?
– Həmişə fikirləşirəm ki, bu günün gəncləri şanslıdırlar. Bunu elə gənclərin özlərinə də deyirəm. Gənclərin inkişafı üçün indiki kimi münbit şərait heç vaxt olmayıb. Xüsusilə, yaradıcı gənclər üçün daha çox fərqlənmək, özünü təsdiq etmək imkanı var. Müasir dövrü “kreativ dövr” adlandırırıq. Ətaləti sevməyən, daim irəliyə doğru hərəkətdə olan, yeni ideyalar və fürsətlər axtaran gənclər üçün olduqca gözəl şərait mövcuddur. Müxtəlif fondlar, qurumlar gənclərə böyük dəstək göstərirlər. Ədəbiyyatla, yaradıcılıqla, jurnalistikayla məşğul olan gənclərdən gileyim odur ki, az oxuyurlar, mütaliə etməyə zaman ayırmırlar. Mən hesab edirəm ki, mütaliə etmək mütləqdir, xüsusən də, Azərbaycan ədəbiyyatını, poeziyasını gözəl bilmək lazımdır. Bu, gələcək həyatda gənclərə çox kömək olacaq.
– Bu gün böyük və görkəmli şairlərimiz, yazıçılarımız tənqid olunur, hətta onları lağa qoyanlar, yaradıcılığını bəyənməyənlər də var. Sizin fikrinizcə, bunu edənlər nəyin günahkarını axtarırlar? Ümumiyyətlə, haqlı olduqları məqam varmı?
– Bilirsiniz, bir məşhur söz var, onu mən tez-tez deyirəm: “20 yaşında üsyankar olmayanın ürəyi, 40 yaşında üsyankar olanın ağlı yoxdur”. Gənclikdə insanın dünyanı dəyişmək iddiası çox olur, o, öz üsyankarlığı ilə fəxr etməyi bacarır. Cavanlar elə bilirlər ki, keçmişdə nə edilibsə, ondan onqat artığını, gözəlini edə bilərlər. Ancaq unutduqları bircə şey var; zaman ən müdrik qiymətləndiricidi, hər şeyi yerbəyer edən, kimin uğurlu, kimin uğursuz olduğunu təsdiq edən də zamandır. Özündən əvvəlkiləri bəyənməyən, lağ edən gənclər də zamanla fikirlərini dəyişir, onların daxilində də ənənələrə ehtiram, keçmişinə sayğı yaranır. Ona görə də mən bu məsələlərə sakit baxıram. Elə bilirəm ki, gənclər yaşadıqca, zamanın çətinliklərini gördükcə, yaradıcılığın ağır bir məşəqqət olduğunu anladıqca keçmişə hörmət və ehtiramları artacaq.
– Gənc yazıçıların sayı günbəgün artır. Bəzən kitab da nəşr etdirirlər. Bir oxucu kimi deyirəm, hərdən elə kitab olur ki, iki-üç vərəq çevirəndən sonra onun xammalına-ağaclara təəssüflənirəm. Belə gənclərə istedadları olmadığını, yaza bilmədiklərini necə anlatmaq olar?
– İndi gənc olsun, qoca olsun, çoxlu kitab nəşr edirlər. İstedadsızlar, qrafomanlar cild-cild kitab çıxardırlar. Məsələ burasındadır ki, indi kitab çap etmək çox asan bir prosesdir. Kimin pulu varsa öz yazdığı cızma-qarasını, nəyi varsa çap etdirir. Hətta, sosial şəbəkələrdə onların dost-tanışları bəyənir, tərifləyirlər də. Dövr belə gətirib. Amma, bu, müvəqqəti haldı, bu tipli “ədəbiyyat”, bu tipli “yazarlar” heç vaxt uğur qazanmayıb. Mənə elə gəlir ki, onlar yazmaqdansa, ciddi əsərlər oxumağa üstünlük verməlidilər.
 
– AYB-də baş verən istefalar, qovulmalar barədə nə deyə bilərsiniz?
– Yazıçılar Birliyində elə hallar olub. Kimlərsə üzvlükdən çıxarılıb. Bunun da əsas səbəblərindən biri AYB-nin nizamnaməsində olan maddədir: klassiklərimizə, bizim dəyərlərə ironiya ilə yanaşan, davamlı olaraq təhqir edən bəzi yazıçılar, şairlər, bəzi gənc yazarlar Yazıçılar Birliyinin üzvlüyündən kənarlaşdırılıblar. Və bu da, dediyimiz kimi, bizim müəyyən dərəcədə klassiklərimizi, ədəbiyyatımızı qorumaq baxımından edilir. Bəzən AYB-dən çıxanlar da olur. Bilirsiniz ki, artıq 12 ildən çoxdur ki, yazıçılara, bəstəkarlara, rəssamlara Prezidentin sərancamı ilə təqaüdlər verilir. Bəzi yazıçılar da gəlib AYB-dən həmin təqaüdü alırlar. Sonra görürsən ki, Yazıçılar Birliyindən çıxdıqları barədə bəyanat verirlər. Hesab edirəm ki, bu, nankorluqdur, namərdlikdir və mənəvi yoxsulluğun nəticəsidir.
– “Məni anlamağa adam tapılmaz, Məni həzm edəcək mədə də yoxdu!” Bir şeirinizdə belə yazmısınız. İnsan həmişə anlaşılmadığından şikayətçidir. Sizi, həqiqətən, anlayan biri varmı?
– Əslində, bu misralar başqa adamın dedikləridi, başqa adamın düşüncəsi, fikridi. Mən onu, sadəcə, qələmə almışam. Əlbəttə, hər insan hesab edir ki, onu anlayan, onu başa düşən adam azdır, bəlkə də yoxdur. Mən də öz ürəyimin sirrini heç kimə aça bilmirəm, amma hesab edirəm ki, həyatında ürəyini açdığın, sirrini bölüşdüyün adamın olması böyük xoşbəxtlikdir. Mənim həyatımda da belə adamlar zaman-zaman olub.
 
– Saxta jurnalistlərlə, eləcə də, saxta yazarlarla necə mübarizə aparmaq olar ki, məşhur şeirdəki kimi, “səhv düşməsin yerimiz”?
– Mətbuatın problemləri çoxdur, bu barədə son vaxtlar da tez-tez danışırıq. Mətbuat cəlbedici sahə olduğundan, bu sahəyə kənardan çox maraq göstərənlər var. Çoxları da elementar biliyi, istedadı, qabiliyyəti olmayan, jurnalist adına yaramayan adamlardı. Bununla bağlı zaman-zaman Mətbuat Şurasında və digər mətbuatla bağlı qurumlarda da müzakirələr aparırıq, mübahisələr də olur. Mən düşünürəm ki, Azərbaycanda güclü media formalaşsa, mediamız iqtisadi cəhətdən güclənib biznes sahəsinə çevrilsə, bu mətbuat adına iddialı olanlar sıradan çıxacaq.
– İndiyədək Gənc Ədiblər Məktəbinin üzvü olan, yaradıcılıq əzminə ümid bağladığınız gənclərdən hansı etimadınızı doğruldub? Xüsusi olaraq, bölgələrdən kimlərin adını çəkə bilərsiniz?
– Bizim artıq 4-cü Gənc Ədiblər Məktəbi fəaliyyətdədir. Birinci Gənc Ədiblər Məktəbinin üzvləri, artıq demək olar ki, Azərbaycan ədəbi mühitində tanınır, onların arasında tanınmış imzalar var. Ad çəkmək istəmirəm. İkinci, üçüncü Gənc Ədiblər Məktəbinin üzvləri arasında da istedadlıları və hazırda fəal yazıb-yaradanlar var. Düzdür, zamanla seçilir, ələnir bu gənclər. Yenə də təkcə istedadına yox, yaradıcılıq əzminə güvənənlər ədəbi mühitdə öz imzalarını təsdiq etdirirlər. Hazırkı, dördüncü Gənc Ədiblər Məktəbində də istedadlı gənclər az deyil. Mən sevinirəm ki, bölgələrimizdə də Gənc Ədiblər Məktəbinin üzvü olan istedadlı gənclər var. Ümumiyyətlə, AYB-nin Gənclər şurasının üzvlərinin yarısı bölgələrdəndi. Məsələn, Saatlıdan Allahşükür Ağa, Ağcabədidən Məhsəti Musa, Əli Bayramlıdan Sara Selcan, Gəncədən Şəfa Vəli… Naxçıvandan, Tovuzdan, Şəkidən də Gənc Ədiblər Məktəbinin üzvü olan istedadlı gənclər var. Bu gənclərin əksəriyyəti olduqca fəal şəkildə yazıb-yaradır, ədəbi proseslərdə, müsabiqələrdə və festivallarda iştirak edirlər. Ürəyi ədəbiyyat eşqilə döyünən gənclərə də yaradıcılıq uğurları, həyatlarında xoş günlər arzulayıram. Sizə də, həmçinin, jurnalist fəaliyyətinizdə uğurlar arzulayıram. Qarşıdan Yeni il və Dünya Azərbaycanlıların həmrəyliyi günü gəlir, bu mübasibətlə bütün xalqımızı təbrik edirəm. Qoy yeni ildə hər şey xalqımız üçün daha yaxşı olsun. Torpaqlarımızı işğaldan azad edək. Ürəkdolusu nəfəs almaq imkanımız olsun. Qürurumuz da qayıtsın!
Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90