Ekspert: “Düşünürəm ki, Türkiyə və Rusiya rəsmilərinin görüşündə əsas müzakirə mövzularından biri də Azərbaycan olacaq”

image-tural-ismayilovbackend

“Türkiyə-Rusiya münasibətləri indi tarixin ən yaxşı dövrünü yaşayır. Əlbəttə ki, hər iki ölkənin əlaqələrinin bu qədər yaxşı olması indiki dövrdə Azərbaycan üçün də sərf edən məqamları özündə ehtiva edir. Hakan Fidanla Sergey Lavrovun görüşündə Qarabağ ətrafındakı məsələnin də müzakirə ediləcəyini düşünürəm. Özəlliklə də rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuzluqların baş alıb getməsi, həmçinin separatçıların hələ də tərksilah edilməməsi və yayılan peyk görüntülərində Azərbaycan ərazilərinə qanunsuz silah-sürsatın daşınması və bu daşınma prossesini rus sülhməramlılarının müşaiyət etməsi Azərbaycanda olduğu qədər, Türkiyəyədə də narahatlıq və qıcıq yaradır”.

Bu fikri özəl olaraq Busaat.az-a Türkiyə və Rusiya baş nazirlərinin yaxın gələcəkdə gözlənilən görüşünü şərh edərkən siyasi ekspert Tural İsmayılov bildirib.

T.İsmayılovun fikrincə, Hakan Fidanla Lavrovun görüşündə Azərbaycan cəmiyyətinin bu narahatlıqları barədə Rusiyanın xarici işlər nazirinə məlumat veriləcək. Eyni zamanda, Ermənistanın bu günə qədər Azərbaycanla sülhdən boyun qaçırtması və regional kommunikasiyaların açılması prossesini əngəlləməsi, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında şərti sərhədlərin təcili şəkildə delimitasiya və demarkasiya edilməsi ilə bağlı bütün razılaşmaların bu günə qədər Ermənistan tərəfindən bloklanması məsələsi Rusiyanın diqqətinə çatdırılacaq.

“Hesab edirəm ki, Ermənistanın bəzi addımları Rusiyada da ciddi narahatlıq yaradır. Hakan Fidanın Lavrovla görüşündə bəzi məsələlərdə Rusiyanın da Türkiyənin mövqeyinə dəstək verəcəyini düşünürəm. İstənilən halda, Türkiyə və Rusiya baş diplomatlarının danışıqlarında Azərbaycan əsas müzakirə mövzularından biri olacaq”, – ekspert vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki