Əlixan Musayev “kərimə”çilərlə eyni mövqedə – Kimlər Azərbaycanda sünni-şiə qalmaqalında maraqlıdır?

image-whatsapp-image-2026-07-04-at-18-15-44backend
image-uzb_ads_desk

Azərbaycan uzun illərdir dini tolerantlıq və məzhəblərarası həmrəylik modeli ilə tanınır. Ölkədə sünni və şiələr eyni məscidlərdə ibadət edir, dini mərasimləri birlikdə keçirirlər. Dövlət qurumları, eləcə də dini institutlar dəfələrlə bəyan ediblər ki, Azərbaycanda sünni-şiə qarşıdurması yoxdur və dini etiqad azadlığı təmin edilir.

Buna baxmayaraq, son aylarda sosial şəbəkələrdə çıxış edən radikal təkfirçi lider Əlixan Musayev bu mənzərənin əksini göstərən fikirlər səsləndirir. O, “Şiələrə salam verməyənlərə nəsihət” adlı çıxışında müsəlmanlara şiələrə salam verməyi tövsiyə edir, bəzi məscidlərdə şiələrin sıxışdırıldığı və onlara münasibətin düzgün olmadığı barədə iddialar irəli sürür.

Musayevin çıxışlarında diqqət çəkən digər məqam isə vaxtilə Türkiyənin dəstəyi ilə inşa edilən bəzi məscidlər barədə tənqidi fikirlər səsləndirməsidir. Bu çıxışlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Lakin bu iddialar ölkədə dini münasibətlərlə bağlı rəsmi mövqe ilə üst-üstə düşmür. Rəsmi qurumlar və dini icmalar Azərbaycanda məzhəblər arasında qarşıdurmanın olmadığını, insanların məzhəbindən asılı olmayaraq sərbəst şəkildə ibadət etdiyini bildirirlər.

Müşahidəçilərin fikrincə, cəmiyyətdə geniş şəkildə müşahidə olunmayan halların ümumiləşdirilərək təqdim edilməsi ölkədə dini vəziyyət barədə yanlış təsəvvür yarada bilər. Onlar hesab edirlər ki, sosial şəbəkələrdə “şiələr sıxışdırılır”, “şiələrə salam verilmir” kimi iddiaların davamlı şəkildə təkrarlanması Azərbaycanda süni məzhəb qarşıdurması görüntüsü formalaşdırmaq riski daşıyır.

Bu kontekstdə son illərdə hüquq-mühafizə orqanlarının açıqlamalarında yer alan və “Kərimə dövləti” adlandırılan qanunsuz teokratik quruluş yaratmaq planları ilə bağlı cinayət işləri də xatırlanır. Əlixan Musayevin bu “tövsiyyə”ləri kəriməçilərin iddiaları ilə üst-üstə düşür. Guya fərqli mövqedə görünsələr də, Əlixan Musayevin bu açıqlaması Qumdakı xəyanətkar qrupun dəyirmanına su tökür.

Ekspertlər vurğulayırlar ki, dini məsələlər cəmiyyət üçün həssas mövzudur və bu sahədə səsləndirilən iddialar konkret faktlarla əsaslandırılmalıdır. Əks halda, mövcud olmayan qarşıdurma təsəvvürü yarana, bu isə Azərbaycanın illərlə formalaşdırdığı dini tolerantlıq modelinə kölgə sala bilər.

Maraqlıdır ki, hüquq mühafizə orqanları bu təxribatçı fikirlərin yayılmasına qarşı niyə səssizliyini qoruyur?! Əlixan Musayvəev və çevrəsi ölkədə qaşınmayan yerdən qan çıxartmağa davam edir, müvafiq qurumlar isə susur. Çox maraqlıdır.

Əkrəm Həsənov
ilahiyyat üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki