Fəxri adlara layiq görülmüş şəxslərə təqaüd ödənilməsi qaydası dəyişdibackend

“Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilib.

Busaat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

İndiyə qədər Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarında çalışan fəxri adlara layiq görülmüş şəxslərə təqaüd həmin idarə və təşkilatların vəsaiti hesabına, digər şəxslərə isə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilirdi.

Dəyişikliyə əsasən, fəxri adlara layiq görülmüş şəxslərə təqaüd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödəniləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu sərəncamın 1-ci hissəsi 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, fəxri adlara görə aylıq təqaüdün məbləği xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı üçün 150 manat, əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 100 manat müəyyən edilib.

Bir neçə fəxri ada layiq görülmüş şəxsə bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilən aylıq təqaüdün yalnız biri, ən yüksəyi verilir.