“Fikirləşirlər ki, prinsipə hücumçu almıram” – Qurban Qurbanovbackend

“Neftçi” bu gün çox vacib qələbə qazandı. İlk hissədə hər şey intizamlı görünürdü, nəzarət ümumilikdə bizdə idi. Hər iki komanda yorulmuşdu. Bəlkə də, biz daha çox yorulmuşduq. Çünki 120 dəqiqəlik mübarizədən çıxmışdıq”.

Sportfan.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 3-cü turunda “Neftçi”yə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında deyib.

O, qarşıdakı oyunlarda komandasının daha yaxşı çıxış edəcəyini bildirib: “Belə durumda biz məşqçilərdən çox şey asılıdır. Futbolçuların yanında olmaq, onları dəstəkləmək lazımdır. Onlara bu gün də güvənirik. Düşünürəm ki, qarşıdakı oyunlarda daha yaxşı olacağıq. Buna həm məcburuq, həm də potensialımızın olduğunu bilirik. İlk turlardan görünür ki, çempionat gərgin keçəcək”.

Qurbanov onları sıx təqvimin gözlədiyini vurğulayıb: “Mövsümün tam təqvimi artıq çıxıb. Əgər Avropa Liqasının qrupuna düşə bilsək, daha sıx qrafikdə oynayacağıq. Xüsusən də, milli komandada çıxış edən futbolçular üçün çətin olacaq. Əvvəllər heyətimiz geniş olduğu üçün dəyişikliklər edə bilirdik. Bu gün Zubirin, Romeronun zədəsi var idi. Romero hələ qarşıdakı 3 oyunu buraxa bilər. Belə qrafik bizə ikiqat zərbə vurur”.

Q.Qurbanov “Hücum xəttindəki problemi necə aradan qaldırmağı düşünürsünüz?” sualını belə cavablandırıb: “Bu gün təkcə hücumçuya yox, bir neçə oyunçuya ehtiyacımız var. Bəzən fikirləşirlər ki, Qurban Qurbanov prinsipə hücumçu almır. Amma qətiyyən belə deyil. Oyunçu almaq imkanımız olsaydı, bundan mütləq yararlanardıq. Zubir və Romero zədəli olmasaydı, hücum xəttində problem o qədər də çox görünməyəcəkdi. Çünki onları hücumçu gözündə görürəm. Mahirin psixoloji cəhətdən gərgin vəziyyətdə olmasının da təsiri var. Təkcə hücuma yox, hər mövqeyə oyunçu axtarırıq. Xüsusən də, pandemiya dönəmində bu çox çətindir”.