Fransızlar pensiya islahatlarına qarşı küçələrə çıxdılar – İCMAL

image-fransa-aabackend

Fransada pensiya yaşını 64-ə qaldıracaq islahata qarşı bir çox sektorlar tətil elan edib. Eyni zamanda, ölkə daxilində nümayişlər keçirilməyə başlanılıb.

Busaat.az xəbər verir ki, ictimai nəqliyyat, təhsil, enerji və ictimai işlərdə çalışan işçilər kimi sektorlar hökumətin pensiya islahatına qarşı tətilə qərar verərkən, Paris, Nitsa, Montpellier, Renn, Tuluza, Nant, Marsel və Bordo kimi şəhərlərdə nümayişlər başlayıb.

Parisin Respublika meydanına toplaşan nümayişçilər Millət meydanına doğru yürüş ediblər. Nümayişçilər əllərində “60 yaşında təqaüdə çıx” və “Dolanışığını qazanmaq üçün həyatını itir” yazılmış plakatlar qaldırıblar.

Ultra solçu İtaətsiz Fransa (LFI) partiyasından Jean-Luc Melenchon, Marseldə qatıldığı nümayiş zamanı mətbuata açıqlama verərək bu islahatın mənasız olduğunu müdafiə edib.

Ən böyük həmkarlar ittifaqı CGT-nin baş katibi Philippe Martinez, ölkə daxilində nümayişlərə 1 milyondan çox insanın qatılacağını gözlədiyini bildirib: “Hökumət (pensiya) islahatının ədalətli olduğunu düşünürsə, qoy bir referendum təşkil etsin”.

Digər tərəfdən, Le Parisien, Liberation, Ouest-France, L’Opinion, Paris-Normandie, L’Union, Aines Nouvelle kimi bir çox milli və yerli qəzetlər pensiya islahatına qarşı tətil və nümayişləri manşet xəbər kimi təqdim edib.

Ouest-France qəzeti yazıb: “Pensiya islahatı: Qara cümə axşamı elan edilib”.

 

Yeni PENSİYA İSLAHATI QANUNU

Baş nazir Elisabeth Borne yanvarın 10-da prezident Emmanuel Makronun seçki vədləri arasında yer alan pensiya islahatının məzmununu açıqlayıb.

Pensiya yaşının 62 olduğu ölkədə qanuni pensiya yaşının mərhələli şəkildə hər il 3 ay artırılacağını və 2030-cu ildə 64-ə çatdırılacağını qeyd edib. Tam pensiya məbləğini almaq üçün isə 2027-ci ildən 43 il boyunca “prim” ödəmək şərti tətbiq olunacaq.

Bu açıqlamadan sonra həmkarlar ittifaqları pensiya islahatına qarşı tətillər və etiraz aksiyaları elan ediblər.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki