Busaat.az xəbər verir ki, ”Həmas” İsraillə əldə olunan atəşkəs və əsir mübadiləsi razılaşmasına sadiq olduğunu, lakin öhdəliklərini yerinə yetirməyən Təl-Əviv rəhbərliyinin gecikmələrə görə məsuliyyət daşıdığını açıqlayıb.
”Həmas” ABŞ prezidenti Donald Trampın Qəzza ilə bağlı bəyanatına da münasibət bildirib. Bəyanatda qeyd edilib ki, Trampın açıqlamaları fələstinlilərin daimi milli hüquqlarını inkar etmək məqsədi güdür və etnik təmizləməyə yönəlik çağırışdır.
“İnsanlarımızı Qəzzadan çıxarmaq planı baş tutmayacaq. Qəzzadakı xalqımız bombardman və təcavüzə qarşı qətiyyətlə mübarizə aparıb və öz torpaqlarında qalacaq. Onları didərgin salmaq və sürgünə məcbur etmək üçün bütün planlar iflasa uğrayacaq. İşğalçı İsrail hücum və qətliamlarla əldə edə bilmədiyi şeyi, fələstinliləri yurd-yuvalarından didərgin salmaq planları ilə əldə edə bilməyəcək,” – deyə bəyanatda vurğulanıb.
ABŞ prezidenti Donald Tramp İordaniya Kralı Abdullahla görüşündə Qəzzanı ələ keçirəcəklərini və buranın ABŞ-ın nəzarəti altında olacağını ifadə etmişdi. Abdullah isə öz növbəsində başda Misir və Səudiyyə Ərəbistanı olmaqla ərəb ölkələrinin bir araya gələrək məsələ ilə bağlı danışıqlar aparacağını və bu danışıqların nəticələrinin gözlənilməsinin vacibliyini vurğulamışdı.
”Həmas”ın hərbi qanadı olan İzzəddin əl-Qassam Briqadalarının sözçüsü Əbu Ubeydə fevralın 10-da bildirib ki, fevralın 15-də baş tutması gözlənilən əsir mübadiləsi İsrailin atəşkəs razılaşmasındakı öhdəliklərini yerinə yetirmədiyi səbəbi ilə təxirə salınıb.