Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

image-5-1backend

Azərbaycanın Silahlı Qüvvələri ötən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirmiş, mənfur düşməni diz çökdürmüş, beləliklə şanlı Zəfər qazanmış və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilmə arzusu çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Ölkə Prezidenti, Ali Baş Komandan Vətən müharibəsində əldə olunan Zəfərin önəminə bir daha diqqət çəkərək deyib: “44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix əbədi yaşayacaq. Çünki bu Qələbə tarixdə bənzəri olmayan qələbədir. Azərbaycan xalqı buna layiq idi və biz Qələbə əldə edərək düşməni öz doğma diyarımızdan qovduq, şəhərlərimizi azad etdik, doğma Şuşamızı azad etdik”.

Azərbaycan dövləti və xalqı işğal faktı ilə heç vaxt barışmadı. Ötən əsrin 90-cı illərində mənfur düşmən beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizi zor tətbiq etməklə işğal etdi və sonrakı mərhələdə ağır müharibə cinayətlərinə əl atdı. Belə ki, bu işğal nəticəsində soydaşlarımız doğma yurd-yuvalarını tərk etmək məcburiyyətində qaldılar. Qaçqın və məcburi köçkünlərin sayı bir milyonu ötmüşdü və bu, ölkəmiz üçün böyük humanitar fəlakət idi. Erməni hərbi birləşmələri, Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsini törətdilər və uşaqlara, qadınlara, yaşlı insanlara belə aman vermədən şəhəri bir gecənin içində yerlə-yeksan etdilər. Bir vaxtlar çiçəklənən, ahəngdar inkişaf edən şəhər və kəndlərimiz işğal dövründə, sözün əsl mənasında, erməni vəhşiliyinə tuş gəldi. Belə ki, işğal altına düşən ərazilərimizin bütün sərvətləri talandı, tikililər dağıdıldı, meşələrimiz qırıldı, mədəni irsimiz təhqirlərə məruz qaldı. İşğaldan azad olunan ərazilərdən təqdim edilən foto və video materiallar kədərli təəssüratlar oyadır – sanki, bu yerlərdən sivilizasiyadan tamam bixəbər olan vəhşi tayfa sürüləri gəlib keçib. Tarixi Azərbaycan ərazilərində törədilən bu kimi vəhşiliklər ermənilərin özləri barədə uydurduqları “qədim və mədəni xalq” mifinin üstündən birdəfəlik xətt çəkir. Sivilizasiyadan xəbəri olan bir xalq heç vaxt qonşularının yaratdığı mədəniyyətə sahiblik iddiaları irəli sürməz və onu dağıtmağa cəhd etməz. Beynəlxalq təşkilatların, ayrı-ayrı böyük dövlətlərin, o cümlədən də artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə cəlb olunan ATƏT-in Minsk qrupunun loyallığı, işğalçılıq siyasətinə görə Ermənistanın cəzalandırılmaması mənfur düşməni daha da ruhlandırırdı. Ermənistan işğal məhsulu olan status-kvonu sonsuzluğadək saxlamaq niyyəti güdürdü və bundan ötrü müxtəlif təxribatlara əl atırdı. Hətta müharibədən əvvəl keçmiş təmas xətti boyunca və iki ölkə arasındakı sərhəddə təxribatları daha da intensivləşdirən işğalçı ölkədən “yeni ərazilər uğrunda yeni müharibə” iddiaları eşidilirdi. Təbii ki, Azərbaycan dövləti və xalqı ölkə ərazisinin bir hissəsinin işğal altına düşməsi faktı ilə heç vaxt barışmadı. Üç onillik ərzində ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsi Azərbaycanın siyasi gündəliyinin mərkəzində dayandı. Son 18 ildə Prezident İlham Əliyev yerli və xarici auditoriyalar qarşısında çıxışlarında ölkəmizin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qətiyyətlə və yüksək diplomatik məharətlə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı.

Vətən müharibəsində qazanılan şanlı Qələbəmizi dəyərləndirən Prezident İlham Əliyev “Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”, – deyə vurğulayıb. Xatırladaq ki, Azərbaycanın, Rusiyanın prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları Bəyanat qalib Azərbaycanın şərtləri əsasında formalaşdırılıb. İşğalçı Ermənistan həmin Bəyanatla üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq sonrakı mərhələdə Ağdam, Kəlbəcər və Laçın rayonlarını respublikamıza döyüşsüz təslim etdi. Beləliklə, qüdrətli Azərbaycan tarixi ədaləti və özünün ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa etməyə nail oldu.

İbrahimova Emiliya

Azərbaycan Dillər Universiteti

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90