Hər bir məmur xalqının xidmətçisi olmalıdır 

image-9backend

12 noyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Prezidentin yeni səlahiyyətli nümayəndəsini, həmçinin bir sıra rayon icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib. Görüş zamanı dövlət başçısı yeni təyinat alan rəhbərlərə idarəetmə prinsipləri, məmur məsuliyyəti və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi ilə bağlı aydın istiqamətlər müəyyənləşdirib, təlimat və tapşırıqlarını verib, qarşıya konkret hədəflər qoyub.

Qəbulda vurğulanıb ki, təyin olunmuş hər bir rayon rəhbəri Prezidentin bütün tapşırıqlarını yerinə yetirməli, xalqa xidmət prinsipini fəaliyyətinin əsas meyarına çevirməlidir. Əyri yola gedən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslərin isə qanun qarşısında cavab verməli olduqları bir daha xatırladılıb. Bəli, yeni rəhbərlərdən gözləntilər aydındır: Verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmək, işində təvazökarlıq və dürüstlük nümayiş etdirmək. Dövlətin bu məsələdə mövqeyi dəyişməzdir – korrupsiya, məsuliyyətsizlik və laqeydliyə heç bir halda dözümlülük göstərilməyəcək.
Qəbul zamanı dövlətimizin başçısı həmçinin vurğulayıb ki, dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Həqiqətən də, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən regional inkişaf proqramları nəticəsində regionlarda infrastruktur tamamilə yenilənmiş, enerji və qaz təminatı yüksək səviyyəyə çatdırılmış, yol şəbəkəsi isə keyfiyyət baxımından beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Lakin dövlət başçısının da qeyd etdiyi kimi, növbəti mərhələdə əsas diqqət bölgələrdə yeni iş yerlərinin açılmasına yönəldilməlidir. Kənddən şəhərə axının qarşısını almağın ən effektiv yolu yerli səviyyədə məşğulluğu artırmaq, sahibkarlığa şərait yaratmaqdır. Prezident çıxışı zamanı bu məsələyə xüsusi diqqət çəkərək bildirib ki, “Yerlərdəki rəhbərlərdən də tələbim odur ki, iş yerlərinin yaradılmasına çalışsınlar, iş adamlarına şərait yaratsınlar”. Bu, həm iqtisadi inkişafın, həm də sosial sabitliyin təminatıdır. Yekun olaraq qeyd etmək lazımdır ki, dövlət başçısının yeni təyin olunan rəhbərlər qarşısında qoyduğu qəti tələblər və açıq mesajlar yalnız həmin şəxslərə deyil, bütün dövlət məmurlarına ünvanlanmış ciddi xəbərdarlıqdır. Hər bir vəzifəli şəxs bu çağırışı dərindən anlamalı, fəaliyyətini dürüstlük, şəffaflıq və məsuliyyət prinsipləri üzərində qurmalıdır.

Heç bir məmur unutmamalıdır ki, xalqın etimadını qazanmış dövlət başçısı İlham Əliyev dəfələrlə vurğulayıb: “Mən xalqın xidmətçisiyəm”, “hər bir məmur xalqının xidmətçisi olmalıdır”. Prezidentin təbii fəlakətlər və çətin anlarda xalqın arasında olaraq “sizə xidmət etməyə gəlmişəm” deməsi onun hakimiyyətə xalqa xidmət vasitəsi kimi yanaşdığının ən bariz nümunəsidir. Dövlət başçısı dəfələrlə bəyan edib ki, hökumətin öz fəaliyyəti ilə bağlı xalq qarşısında hesabat verməsi, görülən işlər barədə ictimaiyyətin hərtərəfli məlumatlandırılması demokratik idarəetmənin zəruri tələblərindəndir.

Prezident İlham Əliyev 2019-cu ildə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində demişdir: “Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək.” Beləliklə, hər bir dövlət məmuru bu fikri fəaliyyətinin bünövrəsinə çevirməli, Prezidentin xalqa xidmət fəlsəfəsini gündəlik iş prinsipi kimi qəbul etməlidir. Bu yoldan dönənlərin aqibəti isə hər kəs üçün ibrət dərsi olmalıdır.

Təranə İskəndərova
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki