Hövsanda sakinləri “qum fırtınası”na məruz qoyan kimlərdir?- FOTO

image-730468892e311bfc1f0829e782656507backend

Hövsan qəsəbəsi, Bağlar massivində yaşayan sakinlər qum fırtınasından əziyyət çəkir. Bu fırtınanı yaradan isə təbiət yox, tikinti materiallarını satanlardır.

Bu barədə Musavat.com-a şikayət edən Hövsan sakinləri bildiriblər ki, illərdir məsələ ilə bağlı aidiyyəti qurumlara şikayət etsələr də, problem aradan qalxmır.

“Problem isə odur ki, bağlara yaxın ərazilərdə daş, qum satırlar. Hətta karxana da işlədirlər. Bu da imkan vermir ki, küləkli havada həyətə çıxaq, pəncərəni açıb, təmiz hava alaq. Ümumiyyətlə, qum satanların əlindən burada təmiz havadan söhbət getmir”,-deyə sakinlər müraciətlərində bildiriblər.

Sakinlər qeyd ediblər ki, həmin ərazidə yaşayış evlərindən uzaqda tikinti materiallarının satılması üçün kifayət qədər boş ərazilər var. Lakin məhz yolun kənarında, evlərin yaxınlığında bu cür materiallar satılır.

Eyni zamanda heç bir qaydalara əməl olunmur, ərazi ekoloji baxımdan xeyli çirkləndirilib:

“Gətirib qumu tökürlər evlərin 30-40 metrliyinə. Biz burada digər tikinti materiallarının satılmasına qarşı çıxmırıq. Məhz qumun satılması bizə problem yaradır. İnsanlar şəhərin çirkli havasından uzaqlaşmaq, asma və digər bu kimi xəstəlikləri olan müalicə məqsədilə bağda qalmalı olur. Ancaq toz-torpağın əlində burada da dinclik tapa bilmirik. Əksinə, xəstələrin vəziyyəti daha da pisləşir. 1 həftə pəncərə açıq qalsa, otaqlardan 1 vedrə qum yığmaq olar”,-deyə sakinlər şikayətlənirlər.

Sakinlər onu da bildirdilər ki, bağlar massivində illərdir yol da çəkilmir. Hələ də camaat torpaq yolla getməli olurlar. Bu da onlar üçün əlavə çətinliklər yaradıb.

Ekoloqlar bildirirlər ki, Bakı küləkli şəhər olduğu üçün burada harada gəldi qum və digər bu kimi tikinti materialı satmaq olmaz.

Problemlə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışsaq da, zənglərimizə cavab ala bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90