“İcazələrin Alınması və Monitorinqi Sistemi” yenidən aktivləşdirildibackend

Məlum olduğu kimi, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkədə 14 dekabr 2020-ci il saat 00:00-dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Həmin tarixlərdə Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulacaq.

Busaat.az xəbər verir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzinin Daxili İşlər Nazirliyi ilə birgə ərsəyə gətirdiyi “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” də qeyd olunan tarixlərdə fəaliyyət göstərəcək.

Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli Qərarı əsasında fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda “icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər.