İran Fransa avtomobillərinin idxalına qadağa qoyub.
Busaat.az xəbər verir ki, bu barədə İranın yarı rəsmi xəbər agentliyi Tasnim məlumat yayıb.
İranın Sənaye, Mədənçilik və Ticarət Nazirliyinin sözçüsü Omid Kalibaf bu qərarın Fransa avtomobil istehsalçılarının əvvəlki illərdəki qeyri-peşəkar davranışlarına cavab olaraq qəbul edildiyini bildirib.
Nazirliyin qəbul etdiyi qərar çərçivəsində Renault, Peugeot və Citroen kimi Fransız firmalarının istehsal etdiyi vasitələrin idxalının qadağan edildiyini qeyd edən Kalibaf, “Bu müddət ərzində Fransız avtomobillərinin idxalı üçün heç bir lisenziya vermədik. Avtomobil idxalı zamanı diqqətimiz yalnız Yapon, Koreya, Çin və qeyri-Fransa istehsalı Avropa avtomobilləridir” – deyə, əlavə edib.
“İran imkan verməyəcək ki, fransızlar İranın avtomobil sənayesi və bazarına sanksiyalarla təzyiq göstərə bilsinlər” – deyə, Kalibaf bildirib.
Qeyd edək ki, İranın “İran Khodro” və “Saipa” kimi avtomobil istehsalçıları daha çox Peugeot, Renault və Citroen kimi fransız şirkətləri ilə birgə istehsal həyata keçirirdilər. ABŞ-ın 2018-ci ildə tətbiq etdiyi sanksiyalar İranın ən böyük məşğulluq sahələrindən biri olan avtomobil sənayesini də hədəf alıb.
Xarici şirkətlər, xüsusilə Peugeot, Renault və Citroen kimi fransız avtomobil istehsalçıları ABŞ-ın geniş miqyaslı birtərəfli sanksiyaları səbəbindən İrandakı fəaliyyətlərini dayandırıblar. Buna görə də hissələrin tədarükündə problemlərlə üzləşən İran daxili həll yollarına üz tutub.