“Molla rejiminin hansısa deputatı ayağa qalxıb beynəlxalq hüquqa zidd olan açıq təhdid siyasəti həyata keçirir”.
Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Şəhriyar Heydərinin “Azərbaycan Respublikasında sionist rejimin mövcudluğu İranın mənafeyinə uyğun deyil. Bizim istənilən təsir alətlərindən, o cümlədən hərbi müdaxilədən istifadə etmək hüququmuz var” bəyanatına münasibət bildirən politoloq Qabil Hüseynli Busaat.az-a açıqlamasında deyib.
O, bildirib ki, verilən bəyanatlar yalnız boş sözlərdən ibarətdir: “Azərbaycanın dost-müttəfiq seçməkdə suveren haqqı var. Molla rejiminin hansısa deputatı ayağa qalxıb beynəlxalq hüquqa zidd olan açıq təhdid siyasəti həyata keçirir. Belə bəyanat vermək birinci növbədə həmin insanın nadanlığının, geridə qalmasının əlamətidir. Digər tərəfdən sözügedən bəyanat İran rejiminin illərlə adət etdiyi “İsraili yox edərik, Bakını vurarıq, dağıdarıq” kimi saxta, demaqogik çağırışlarına uyğun gələn siyasətdir.
Politoloq qeyd edib ki, İranın sərt ritorikası özünə zərər verə bilər: “Artıq proseslər elə bir səviyyə çatıb ki, İranın bölgədəki proseslərə təsir imkanı yoxdur. Üstəlik hərbi əməliyyatlarla təhdid İrana qarşı formalaşan beynəlxalq koalisiyanın fəaliyyətinə gətirib çıxara bilər. Həmin koalisiya dərhal İrana qarşı ciddi hərbi və digər əməliyyatlar həyata keçirə bilər. Bu isə İranda hazırki rejimin sonu olacaq. İran hakimiyyəti vəziyyəti dərk edib başını aşağı salaraq öz ərazisindəki problemlərlə, qaynayıb daşan inqilabi proseslərlə məşğul olsa daha yaxşı olar”.
Ələsgər / Busaat.az