İsrail Baş Nazirinin müşaviri- “Ermənistan İsraili münaqişəyə cəlb etmək istəyir…”backend

Məlum olduğu kimi, ötən gün İsrail Ali Məhkəməsi Azərbaycana silah satışına qadağa qoyulması vəsatətini təmin etməyib. Bu isə son zamanlar onsuz da gərgin olan Ermənistan-İsrail münasibətlərini daha da mürəkkəbləşdirib.

Busaat.az xəbər verir ki, əsasən ermənipərəst mövqeyilə seçilən Rusiya telekanallarından biri olan “Dojd” bu mövzuyla bağlı İsrailin Baş Nazirinin müşaviri Ariel Qoldşteynin mövqeyini öyrənib. Telekanalın münaqişədə İsrailin iştirakı və guya qanunsuz şəkildə Azərbaycanı dəstəkləməsi, ona silah satması ilə bağlı mövqeyini sərt tənqid edən A.Qoldşteyn bildirib ki, bu barədə səsləndirilən tənqid və ittihamlar yersiz və əsassızdır. Baş Nazirin müşaviri xatırladıb ki, İsrail heç də Azərbaycana ən çox silah satan ölkə deyil:

 “İsrail Məhkəməsinin qərarı ilə razılaşmaya bilmərəm. İsrail silah satışı məsələsinə mənim tanıdığım bir çox ölkələrlə müqayisədə daha çox məsuliyyətlə və həssaslıqla yanaşır. İsrail hökuməti istənilən diktatura rejiminə, öz vətəndaşlarına, yaxud başqa ölkə vətəndaşlarına qarşı cinayət törədənlərə silah satışı cəhdlərinin ilk başdan qarşısını alır. Bir arqumenti xüsusi qeyd edim ki, İsrail Azərbaycana ən çox silah satan ölkə deyil. Ən çox silah satan Rusiyadır. Buna baxmayaraq, münaqişə tərəflərindən biri (Ermənistan-red.) məhz İsraili münaqişəyə cəlb etmək istəyir, ancaq Rusiya barədə nədənsə susur.”

Daha sonra aparıcının “İran Ermənistanı müdafiə etdiyi üçün deməli İsrail də Azərbaycanı müdafiə edir” iddiasına cavab verən müşavir qeyd edib ki, bu yanaşma da qətiyyən doğru deyil:

“Heç kim İranın İsrailə olan nifrətini dünyadakı digər münaqişələrə keçirmək fikrində deyil. Mən həm azərbaycanlılara, həm də ermənilərə arzu edirəm ki, onlar döyüşmək əvəzinə öz ölkələrini inkişaf etdirsinlər. Ancaq təəccüblüdür ki, İsrail bu münaqişənin iştirakçısı olmadığı halda, ona cəlb edilməsinə cəhd olunur və tanınmamış “DQR” rəhbəri İsraili guya ermənilərin hansısa genosidində iştirak etməkdə günahlandırır. Bağışlayın, bu, hər şeyi baş-ayaq çevirmək cəhdindən başqa bir şey deyil.”

“AzPolitika.info”