Kəlbəcər 1993-cü ilin aprel ayında işğal altına düşmüşdü

image-download-5backend

1993-cü ilin mart ayında Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunun işğalına dair planlarını həyata keçirməyə başladılar. Bu işdə o vaxt hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və məsuliyyətsizliyi, “sapı özümüzdən olan baltalar”ın xəyanətkarlığı da erməni quldurlarına yardımçı oldu. Əvvəlcə Ağdərə-Kəlbəcər yolu ermənilər tərəfindən ələ keçirildi. Martın 27-də isə erməni silahlı birləşmələri üç istiqamətdən Kəlbəcər üzərinə hücuma başladılar. Hücumdan əvvəl Kəlbəcərə gedən yollar müəmmalı şəkildə minalardan təmizlənmiş, 3 min nəfərlik hərbi qüvvə rayon ərazisindən çıxarılmışdı. Kəlbəcərlilərin respublika rəhbərliyinə təkid, yalvarış və xahişlərlə dolu müraciətləri isə nəticəsiz qaldı. Vəd olunan kömək göndərilmədi. İşğalın reallığını hiss edən silahsız və köməksiz əhali ev bu-eşiyini, var-dövlətini qoyub qaçmağa məcbur oldu. Kəlbəcərin işğalı ilə düşmən olduqca əlverişli hərbi-strateji əhəmiyyətli bir ərazini ələ keçirdi. Daxili xəyanətkarların əli ilə əsrlərboyu düşmənə sinə gərmiş, qalalı, səngərli Kəlbəcər torpağı yağı tapdağı altında düşdü.
1988-ci ildən başlayan elan olunmamış müharibədə Kəlbəcər camaatı qeyrətlə vuruşaraq təpədən dırnağacan silahlanmış və havadarlarına arxalanan erməniləri torpaqlarına yaxın qoymadılar. Kəlbəcərin Ağdaban kəndinin qadınları 1991-ci ildə 11 nəfər silahlı erməni quldurunu tərksilah edib əsir götürmüşdü. Təəssüf ki, belə şücaətlərə baxmayaraq, yerli əhali respublika rəhbərliyi tərəfindən heç bir kömək, qayğı görmədi. Ağdaban kəndini işğal edən ermənilər 39 nəfər kənd sakini qəddarcasına öldürdülər, 5 nəfəri girov götürdülər, 100-dən artıq evi məhv etdilər. Təkəqaya, Zağalar, Çıraq kəndlərinə soxularaq evlərə od vurdular, dinc əhalini diri-diri yandırdılar, ən əhəmiyyətli Keçiliqaya yüksəkliyinə sahib çıxdılar. Aprelin 2-də Kəlbəcər artıq erməni quldurlarının əlində idi. Kəlbəcər faciəsi Ağdamın, Füzulinin, Qubadlının və Cəbrayılın işğalına yol açdı.
Kəlbəcərin İstisu, Ləmbəran, Zəylik, Zar, Mollabayramlı, Zivel, Çıraq, Şurtan, Qaraçanlı, Keştək, Yellicə, Dalqılınclı, Şaplar, Aşağı Ayrım, Daşbulaq, Milli, Hacıkənd, Çaykənd, İstibulaq, Qılınclı, Nadirxanlı, Sarıdaş, Başlıbel, Taxtabaşı, Tirkeşəvənd, Əsrik, Zülfüqarlı, Abdullauşağı, Almalıq, Ağcakənd, Mərcimək, Comərd, Dəmirçidam, Seyidlər, Lev, Təkəqaya, Susuzluq, Çəpli, Qamışlı, Yanşaq, Ağdaban, Bağlıpəyə, Çərəktar, Narınclar, Kərəmli, Günəşli kimi yaşayış məskənləri var idi.
İşğal nəticəsində 53 min 340 nəfər öz dədə-baba torpaqlarından qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. Kəlbəcərdə 130 yaşayış məntəqəsi, dünya şöhrətli, “İstisu” sanatoriyası, 500-dən artıq sənaye, tikinti, məişət, ticarət obyekti, 172 mədəniyyət obyekti, 96 ümumtəhsil məktəbi, 76 səhiyyə obyekti, 1 muzey darmadağın edildi. Yüz min baş qaramal, 500 min baş qoyun-quzu, yüzlərlə maşın, texnika, avadanlıq talan olundu.

Kəlbəcər Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.

 

 

Abdullayeva Ayten

Nəsimi rayon sakini

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90