Koronavirusdan sağalanlara xəbərdarlıq – “İkincisi daha ağır olur”

Koronavirusdan sağalanlara xəbərdarlıq – “İkincisi daha ağır olur”backend

“Bəzən koronavirusa yoluxan və müalicə alaraq evə buraxılan insanlar hesab edirlər ki, onların maska taxmasına ehtiyac yoxdur. Lakin bu, yanlış fikirdir. Bugünə kimi dünyada ikinci dəfə koronavirusa yoluxma halları qeydə alınıb. Artıq Azərbaycanda da bir nəfərdə təkrar yoluxma faktı var. Hətta ikinci dəfə yoluxma birincidən daha ağır olur”.

Busaat.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində TƏBİB-in İnfeksion xəstəliklərin təhlili və idarə edilməsi şöbəsinin müdiri Xanım Məlikova deyib.

O, ikinci dəfə yoluxmayacağını düşünən vətəndaşlara səslənərək bildirib ki, bu virusa bir dəfə yoluxanlar da maskadan mütləq şəkildə istifadə etməlidirlər: “İnsanlar arxayınlaşmamalıdırlar, çünki pandemiya hələ bitməyib. Maskadan, əl dezinfeksiyasından istifadə edilməlidir. Hər kəs avtobusda, ictimai nəqliyyatda qaydalara əməl etməlidir. Bəzi şəxslər avtobuslarda polisi görərkən maska taxırlar, bəzən təkcə ağızı maska ilə örtürlər, bu, düzgün deyil. Maskalar bizim sağlamlığımız üçündür”.

Şöbə müdiri qeyd edib ki, hər kəs bilməlidir ki, ön cəbhədə əsgərlərimiz vuruşursa, arxa cəhbədə də həkimlərimiz vuruşur. Cəbhədəki qələbələrimizə kömək etmək istəyən hər kəs koronavirusdan qorunma qaydalarına əməl etməlidir: “Mən inanıram ki, hər bir vətəndaşımız cəbhəyə öz töhfəsini vermək istəyir. Mən onlara demək istəyirəm ki, siz sadə qaydalara əməl etməklə həm də, əsgərlərimizə, ordumuza kömək etmiş olursunuz. Qələbəyə gedən yolda vətəndaşlarımızın dəstəyi əvəzolunmazdır. Bilməliyik ki, bir həkimin yoluxması onun həm 14 gün işdən aralı qalması, həm də səhiyyə sisteminə düşən yükdür. Vətəndaşlarımız fikirləşməlidirlər ki, bu xəstəlik ordumuza sızsa, biz hərbçilərimizi döyüşdən, mübarizədən ayırmış olarıq”.

X. Məlikova həmçinin bildirib ki, özündə müəyyən xəstəlik əlamətləri hiss edən şəxslər sahə həkimlərinə müraciət etməlidirlər. Yaxın, tanış həkimə müraciət etmək, onların müalicəsini almaq düzgün deyil: “Özündə xəstəlik əlamətləri müşahidə edənlər mütləq şəkildə sahə həkiminə müraciət etməlidirlər. Müəyyənləşdirilməlidir ki, onlardakı mövsümi qripdir yoxsa “COVID-19”dur. Bunu həmin şəxslərdən yaxma götürməklə müəyyən etmək olar. Heç kəs bilmir ki, virusa yoluxanda xəstəliyi necə keçirəcək. Ona görə də, qaydalara əməl etmək, virusdan qorunmaq lazımdır. Xüsusən də, yaşlı insanlar, ikinci xəstəliyi olan insanlara tövsiyə olunur ki, özlərini qorusunlar, vacib olmadığı halda evdən çıxmasınlar”.

X. Məlikova hazırda ölkəmizə gətirilən qripə qarşı vaksinlərdən də bəhs edib: “Hər il Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına əsasən, oktyabr ayının birinci həftəsindən oktyabr ayının ortalarına kimi qrip mövsümü elan edilir. Gözləniləndir ki, kəskin respirator xəstəliklərin sayında artım olsun. Bu, səhiyyə sisteminin üzərinə düşən yükü artıra bilər. Qripin də ağırlaşmaları olur və bunlardan özünü sığortalamaq üçün bu il ilk dəfə olaraq ölkə rəhbərliyinin göstərişi ilə vaksinlər gətirilib. İlk mərhələdə risk qrupundan olan insanlara vurulacaq”.

TƏBİB rəsmisi Bakı şəhərində artıq seroloji tədqiqatların sona çatdırıldığını deyib. Qeyd edib ki, bu, yekun mərhələdədir və yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq. Hazırda Gəncədə mövcud vəziyyətlə əlaqədar bu testlərin aparılması dayandırılıb, Sumqayıt şəhərində isə hazırda proses davam edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90