Kürdəmir rayonundakı qeyri-qanuni seçki – VİDEO,FOTObackend

Jurnalistlər təhqir, tənqid olundu, rüşvət təklif edildi, hədə-qorxuya məruz qaldılar

 

9 fevralda keçirilən VI çağırış parlament seçkiləri  ən “yaradıcı” hadisələrlə yadda qalıb. Əsas qanun pozuntuları məhz Kürdəmir rayonunda baş verib. Belə ki, seçkiləri könüllü şəkildə izləyən bir qrup media nümayəndəsi tərəfindən qeydə alınıb.

Öncə ondan başlayaq ki, KİV nümayəndəsi qarı, soyuğu, şaxtanı nəzərə almadan könüllü surətdə seçkiləri izləmək üçün məntəqələrə yollanıb. Seçki ərəfəsində qarşıları alınan, polisə verilən, məntəqələrdən qovulub çıxarılan jurnalistlər öz hüquqlarını anlatmağa çalışsalar da, buna nail ola bilməyiblər.

Qeyd edək ki, seçicilər arasında təkrar səsvermə halları həddindən çox olub. Bundan başqa, nədənsə kameramanlardan ehtiyat edən məntəqə sədrləri kobudcasına, qaba davranışla, bəzən isə təhqiredici kəlmələrlə onları çölə çıxarıblar. Bacarmadıqda isə harasa zəng vuraraq, naməlum şəxsləri məntəqəyə çağırtdırıblar. Beləcə, qanunlarımıza, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin göstərişlərinə zidd olaraq media nümayəndələrinin işi`nə maneə törədiblər. Onu da əlavə edək ki, Kürdəmirdəki məntəqə rəhbərləri arasında hətta jurnalistləri otağa dəvət edib, rüşvət təklif edənlər də az olmayıb.

Ən maraqlısı isə bəzi media nümayəndələrinin seçkilərdə iştirakı aktlaşdırılıb. Guya onlar seçkilərdə qeyri qanuni şəkildə iştirak edirlər. Halbuki, normal düşüncəyə malik olan adam da bilir ki, jurnalistlərin seçkiləri sərbəst izləmə, qeydiyyat aparma hüququ var.

Jurnalistlərin aşkar etdiyi nöqsanlara gəlincə, bəzi məntəqələrdə səs vermək üçün iki nəfərin bir kobinəyə daxil olması, bülletenlərin əvvəlcədən kəsilib gətirilməsi, onların ümumi dəstədə sayının az olması, bir nəfərin bir neçə vətəndaşın şəxsiyyət vəsiqəsi ilə səsverməyə qatılması,  gələnlərin barmağına xüsusi xəbərdaredici mayenin vurulmaması və seçicilərin hansı namizədə səs verəcəklərinə kodlu danışıq və mimikalarla yönəldilməsi və sair kimi qanun pozuntuları…

Seçki prosesində müşahidəçilərə qarşı xüsusi aqresiya və təzyiq də nümayiş etdiriliib. Onlar demək olar ki, bülletenlərə yaxın buraxılmayıblar, sözün əsl mənasında mədəni surətdə məntəqələrin otaqlarından kənarlaşdırılıblar. Bu hallar Kürdəmirin bir neçə – 2, 4, 10, 14, 19, 20, 33 və digər seçki məntəqəsində xüsusilə hiss olunub.

Maraqlıdır ki, 5 saylı seçki dairəsində müəllimələr, seçkidən əvvəl  digər otağa dəvət olunaraq dırnaqlarına tünd qırmızı rəngli dırnaq boyası çəkilib. Ki, bu da barmaqlarına xüsusi maye vurandan sonra yoxlananda onun təkrar gəldiyi bilinməsin.

Kürdəmir parlament seçkiləri həm də novatorluğu ilə yadda qalıb. Belə ki, “karuselin” ən məşhur versiyaları burada tətbiq edilib. Həmin gün xəstələrin çağırışına getməyə təcili tibbi yardım tapılmayıb, çünki onlar həmin an seçki məntəqələrinə seçiciləri daşımaqla məşğul olublar. KİV nümayəndləri saxtakarlığa yol verilən məntəqələrin sıyahısında 5, 10, 18, 19 saylı məntəqələri xüsusi vurgulayıblar.

Sonda adıçəkilən məntəqələrdən lentə alınan videokadrları təqdim edirik:

Mediapress.az