“Mahir daha peşəkar olub, Ndlovu da əvvəl tənqid olunurdu” – Qurban Qurbanov

“Mahir daha peşəkar olub, Ndlovu da əvvəl tənqid olunurdu” – Qurban Qurbanovbackend

“Bu oyun da vacibdir. Həddindən artıq diqqətli olmalıyıq. Mərhələ bir oyundan ibarətdir. Yaxşı komandaya qarşı oynayacağıq”.

Busaat.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, matçda futbolçuların nə lazımdırsa edəcəklərinə inanır. Qurbanovun sözlərinə görə, illər ötdükcə həm klub, həm də futbolçular böyüyür: “Hər iki komandanın yaxşı heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə qarşılaşmışıq. Amma buna fikir vermirik. Çətin oyun olacaq. Meydançaya gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq”.

Təcrübəli baş məşqçi mərakeş əsilli fransalı oyunçu Abdullah Zubir barədə də danışıb: “Onun faydalı iş əmsalı meydanda çoxdur. Futbolçulardan əvvəlki performansı tələb edə bilmərik. Oyundan-oyuna daha yaxşı Zubir görəcəyik. Həm psixoloji, həm də fiziki hazırlıq bir-birini tamamlamalıdır. Bunlardan biri olmadıqda problem yaşanır”.

Qurbanov ötən mövsümün sonu karyerasını başa vuran Rəşad Sadıqovla yeni müdafiəçi Kevin Medinanı müqayisə edib: “Rəşadın meydanda yoxluğunu tək “Qarabağ” deyil, Azərbaycan futbolu hiss edir. İstərdik ki, onun kimi lider komandamızda olsun. Bunu hamı arzulayır. Dünya praktikasında da belə bir şey var. Onun meydanda olması böyük bir kömək idi. Yoxluğunu hiss edirik. Medina ilə Rəşad fərqli oyunçulardır. Hərəsinin öz üslubu var. Amma Kevindən də başqa cür faydalanırıq. Tam uyğunlaşmayıb, lakin komandaya güc qatır”.

Mütəxəssis Mahir Emrelidən tam razı olduğunu söyləyib: “Onun inkişaf edən dövrüdür. Son vaxtlar daha peşəkar olub. Belə davam etsə, daha yaxşı Mahir görəcəyik. Bu, onun borcudur. Ndlovu da yeni gələndə tənqid olunurdu, amma sonradan faydası dəydi. Mahir əvvəl gənc idi, təcrübəsi çatmırdı. İndi ondan daha çox şey gözləyirik. Amma bir mövqedə 2-3 futbolçu olarsa, daha yaxşı olar. Musa Qurbanlı barədə fikir bildirməsəm, daha yaxşı olar. Bu barədə danışmaq tezdir. Qapıda ya Emil, ya da Şahruddin olacaq”.

Baş məşqçi yeni transferlə bağlı işlərin müsbətə doğru getdiyini sözlərinə əlavə edib: “Bu oyuna çatmayacaq, amma növbəti matçda heyətimizdə ola bilər. Yeni transferimiz yarımmüdafiə mövqeyində çıxış edir”.

Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da başlayacaq (Report).

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90