Makronun İslam dini ilə bağlı çıxışı mübahisələrə səbəb oldubackend

“Əl-Cəzirə” telekanalının saytında Fransa Prezidenti Emmanuel Makronun İslam dininin bu gün böhran yaşadığı barədə fikirləri və onun öz ölkəsində dünyəviliyi qorumaq planları ilə bağlı məqalə dərc olunub.

Busaat.az  xəbər verir ki, məqalədə Prezident Emmanuel Makronun “İslamçı radikalizm”ə qarşı Fransanın dünyəvi dəyərlərini qorumaq üçün öz planını açıqladığı bildirilir. Qeyd edilir ki, o, bu gün İslam dininin bütün dünyada “böhran içində olduğunu” söyləyib. Onun bu fikirləri müsəlman fəallarının kəskin əks reaksiyasına səbəb olub.

Oktyabrın 2-də Fransa Prezidenti uzun müddətdir gözlənilən çıxışı zamanı Fransada dini təhsildən və dövlət sektorundan uzaqlaşdırmaq üçün heç bir güzəşt edilməyəcəyini bildirib. “İslam bu gün bütün dünyada böhran içində olan bir dindir və biz bunu yalnız öz ölkəmizdə görmürük”, – deyə Makron qeyd edib.

O, Fransa hökumətinin bu ilin dekabr ayında ölkəsində kilsə ilə dövləti rəsmi olaraq bir-birindən ayıran 1905-ci il tarixli qanun layihəsini daha da möhkəmləndirmək məqsədilə yeni qanun layihəsini təqdim edəcəyini bildirib.

Makronun sözlərinə görə, həyata keçirilən bu tədbirlər Fransada artan “radikallaşma” problemini həll etmək və “birgə yaşamaq qabiliyyətini” inkişaf etdirmək məqsədi daşıyır. “Dünyəviliyin Fransanın təməli olduğunu deyən Makron bütün müsəlmanları damğalamağın mənası olmadığını da əlavə edib.

Fransa Prezidenti qanunun insanlara seçdikləri hər hansı bir inanca mənsub olmalarına icazə verdiyini qeyd edib. Ancaq o əlavə edib ki, məktəblərdə və dövlət idarələrində dini mənsubiyyətin nümayiş olunması qadağan edilməlidir. Fransa məktəblərində və dövlət idarələrinin işçiləri üçün iş yerlərində hicab artıq qadağan olunub.

Qeyd edək ki, Makronun İslamın əleyhinə fikirləri onun əsl antiislamçı olduğunu ifşa etdi. Fransa Prezidentinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyi həm onun erməni lobbisinin təsiri altında olması, həm də İslam aləminə nifrəti ilə birbaşa əlaqəlidir.

Makronun bu çıxışı sosial mediada da mübahisələrə səbəb olub.

Fransız müsəlman fəalı Yasser Louati öz “Twitter” səhifəsində yazıb: “Əvvəllər müsəlmanlara qarşı repressiya bir təhlükə idisə, indi bu, artıq reallığa çevrilib. Bir saatlıq çıxışı zamanı Fransa Prezidenti dünyəviliyi dəfn edib, ifrat sağçılara və müsəlmanlar əleyhinə solçulara stimul verərək, qlobal pandemiya şəraitinə baxmayaraq evdə təhsil almaq üçün kəskin məhdudiyyətlərin həyata keçirilməsinə çağırış edib və müsəlman tələbələrin həyatını təhdid edib”.

Fransalı akademik Rim-Sarah Alaoune isə “Twitter” səhifəsində belə yazıb: “Prezident Makron İslam dinini bu gün bütün dünyada böhran içində olan bir din kimi xarakterizə edib. Nə deyəcəyimi bilmirəm. Bu, o qədər axmaq bir fikirdir ki, (üzr istəyirəm amma bu, belədir) burada heç başqa bir təhlilə də ehtiyac yoxdur. Narahatlığımı gizlətməyəcəyəm. Kraystçerç şəhərində baş verən dəhşətli terror aktını, Fransanın rasizmi ixrac edən ölkə olmasını da qeyd etmək lazımdır”.

Prezident Emmanuel Makron çıxışında, həmçinin məscidlərin maliyyələşdirilməsinə nəzarəti təkmilləşdirərək Fransadakı İslamı xarici təsirlərdən “azad etmək” istədiyini də iddia edib.