Mərkəzi Bankın dollar alanlardan “arayış” istəməsinin SƏBƏBİ

Mərkəzi Bankın dollar alanlardan “arayış” istəməsinin SƏBƏBİbackend

Məlum olduğu kimi, bir neçə aydır Azərbaycanda valyuta alışı ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Mərkəzi Bankın tapşırığı ilə kommersiya banklarında 500 dollardan çox alanlar nəzarətə götürülüb. Onlar özləri və gəlirləri haqqında ətraflı məlumat verməli, valyuta alarkən bununla bağlı blank doldurmalıdır. Blankda ad-soyaddan başqa, vəsaitin mənbəyi və valyuta alınmasının məqsədi də qeyd edilməlidir. Bundan başqa, 20 min manat ekvivalentindən yüksək məbləğdə xarici valyuta alan şəxslər Maliyyə Monitorinq Xidmətinin nəzarət siyahısına düşürlər.

Mərkəzi Bank ictimaiyyətə verdiyi izahatda valyuta əməliyyatı qaydalarının sərtləşdirilməsini çirkli pulların leqallaşdırılmasına qarşı mübarizə ilə əlaqələndirib. Lakin iqtisadçı ekspertlər bunu məntiqsiz qərar hesab edirlər. Çünki dollar almağa gələn vətəndaşın pulunun çirkli pul, yoxsa yığdığı vəsait olduğunu müəyyənləşdirmək çətindir. Ekspertlər hesab edirlər ki, bu qərarın səbəbi daha çox əhalini dollar almaqdan çəkindirmək, süni yolla dollara tələbi azaltmaq və bununla da manata olan təzyiqləri neytrallaşdırmaqdır.

İqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, əslində belə bir izahatın alınması qanuna söykənsə də, məntiqsizdir: “Mərkəzi Bankın bu addımında söykəndiyi qanun ”Cinayət yolu ilə əldə edilmiş vəsaitlərin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşndirilməsinə qarşı mübarizə haqqında” Qanundur. Bu qanun 2019-cu ildən qüvvədədir və imkan verir ki, banklar müştərilərinə istənilən sualı versinlər. İş yeri, əmlakı, gəlirləri və sairlə bağlı. Məqsəd odur ki, banklar vasitəsilə çirkli pullar yuyulmasın, terrorçuluq maliyyələşdirilməsin və sair. Bankın hazırda belə bir hüququ var. Ancaq başqa bir qanunumuz da var və konstitusiya qanunudur. 1993-cü ildə qəbul olunub, 1995-ci ildə həmin qanuna dəyişiklik olunub. Bəziləri elə bilir ki, həmin qanun köhnə qanundur, ancaq hələ də qüvvədədir. Bu, “Varidata təminat verilməsi haqqında” konstitusiya qanunudur və orada qeyd edilir ki, Azərbaycan Respublikasında hər kəs və ölkə ərazisində yerləşən qeyri-dövlət hüquqi şəxsləri onlarda olan daşınar və daşınmaz əmlakı, pulu, valyutanı və sair varidatı hesabat vermədən, deklarasiya və başqa sənəd tətbiq etmədən, istehsal və kommersiya fəaliyyəti, qanunvericiliklə qadağan edilməyən fəaliyyət sahələrində sərbəst istifadə edə bilər. Bu qanun konstitusiya qanunudur və adi qanundan üstündür. Həmin qanuna görə, bankda vətəndaşlara bu suallar verilə bilməz”.

 

Ə.Həsənovun sözlərinə görə, banka əmanət qoyarkən vəsaitin mənbəyinin soruşulmaması əslində məqsədin çirkli pullarla bağlı olmadığını göstərir: “Məsələnin qanuni tərəfini bir kənara qoysaq, çirkli pulların yuyulması ilə bağlı qanun 2009-cu ildən qüvvədədir, ancaq indiyə kimi insanlardan soruşmurdular ki, pullar haradandır. Digər tərəfdən, niyə vətəndaş banka gəlib əmanət qoymaq istəyəndə ondan vəsaitlərin mənbəyi soruşulmur. 10 min dollar vəsait alanda mənbəyi soruşulur, ancaq 100 min dollar əmanət qoyur, ondan heç nə soruşulmur. Niyə vətəndaş özünə ev alanda notariusda ondan pulun mənbəyi soruşulmur. Bu o deməkdir ki, məqsəd burada çirkli pulların yuyulmasına qarşı mübarizə deyil. Çünki hələlik Azərbaycanda vətəndaşın gəlir və xərc bəyannaməsi yoxdur. Əgər bank vətəndaşdan pulun mənbəyini soruşursa, o min cür izahat verə bilər ki, babamdan qalıb, əvvəlki illərdə qazandığım əmək haqqıdır, yoldan tapmışam və sair. Bunun yoxlanılması mexanizmi qanunda yoxdur, heç kim vətəndaşı buna görə məsuliyyətə cəlb edə bilməz. Çünki ölkədə gəlir və xərc bəyannaməsi yoxdur”.

İqtisadçının sözlərinə görə, burada məqsəd dollar satışını azaltmaq və manata təzyiqləri neytrallaşdırmaqdır: “Bunu niyə edirlər? İki məqsəd var. Birinci məqsəd odur ki, insanlarda devalvasiya qorxusu var və buna görə də, xarici valyuta almağa meyl çoxdur. Mərkəzi Bank bunun qarşısını almaq istəyir ki, insanlar çox valyuta almasınlar, valyuta ehtiyatları çox xərclənməsin, milli valyutaya təzyiq olmasın. Bu da doğru addım deyil. Bir tərəfdən insanlara təzyiq edirlər, digər tərəfdən isə bildirirlər ki, manatla bağlı heç bir problem yoxdur, banklar nə qədər lazımdırsa, valyuta satırlar. Ancaq bu yalandır və Mərkəzi Bank insanların çox valyuta almasından qorxur. Bu cür nəzarət mexanizmi ilə insanlarda qorxu yaradırlar. Vətəndaş narahat olur ki, onun pulu ilə bağlı suallar veriləcək və problem yarana bilər, ondansa valyutanı almasın. Bunlar hamısı hesablanmış addımlardır”.

Hüquqşünas vurğuladı ki, dollar almaq üçün vətəndaşın banka təqdim etdiyi vəsaitdən vergi tutulmasının da heç bir əsası yoxdur: “İkinci məqsəd isə dövlət büdcəsini doldurmaqdır. Bunu da Dövlət Vergi Xidməti edir. Hazırda banklarda valyuta alarkən toplanan məlumat Dövlət Vergi Xidmətinə ötürülür. Çirkli pulların yuyulmasına qarşı mübarizə aparan Maliyyə Monitorinqi Xidməti də Dövlət Vergi Xidmətinə verilib. Amma Dövlət Vergi Xidməti bundan təkcə çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə yox, həm də dövlət büdcəsini doldurmaq üçün istifadə edir. Bir sıra vətəndaşa son aylar ərzində vergi orqanı tərəfindən bildiriş gəlir ki, siz bu qədər vergi ödəməlisiniz, çünki bu ay filan qədər xarici valyuta almısınız. Biz sizin gəlirinizi təqib edirik, gəlin 14 faiz vergini ödəyin. Bu bir cəfəngiyyatdır. Bəzi insanlar bunu mübahisələndirirlər, bəziləri qorxub ödəyirlər. Əgər mən xarici valyuta alıramsa, bu o demək deyil ki, bu mənim məhz bu ay ərzində əldə etdiyim gəlirdir. Bəlkə öncəki aylardakı əmək haqqımdır və onun vergisini də artıq ödəmişəm. Bəs niyə vətəndaş gəlib banka əmanət qoyanda kimsə ona vergi tətbiq etmir? Mən bu vergi tətbiqini qanunsuz hesab edirəm. Bu ölkənin investisiya mühitinə də çox pis təsir edir. Xarici investor bu məsələdən xəbərdar olsa, əlbəttə, ölkəyə yatırım etməz”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90