Türk televiziya tarixinin kult seriallarından olan “Kurtlar Vadisi”ndə “Cərrahpaşa sakinlərinin bacısı” obrazı ilə yadda qalan aktrisa Şivqa Gerez dünyasını dəyişib.
Busaat.az türk mediasına istinadən xəbər verir ki, bir müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparan Gerez 56 yaşında vəfat edib. Aktrisa ötən il 2025-ci ildə ona xərçəng diaqnozu qoyulduğunu ictimaiyyətə açıqlamışdı. O, müalicə prosesinin əvvəlində sosial şəbəkədə başı qırxılmış fotosunu paylaşaraq, “Xərçənglə mübarizəmiz başladı. İnşallah, bunu ən yaxşı şəkildə yola salacağıq” sözlərini yazmışdı. Lakin Gerez həyat uğrunda apardığı mübarizəni uduzub. Uzun müddət ekranlardan uzaq həyat yaşayan Şivqa Gerez aktyorluğa fasilə verdikdən sonra televiziya proqramlarında daha məhdud şəkildə görünürdü. Son illərdə isə metafizika və parapsixologiya üzrə mütəxəssis kimi müxtəlif verilişlərdə iştirak edirdi.
Şivqa Gerez geniş auditoriyaya məhz “Kurtlar Vadisi” serialı ilə tanınsa da, televiziya karyerasına “İbo Şou” proqramında oriyental rəqqas kimi başlayıb. Daha sonra aktyorluğa yönələn Gerezin serialda canlandırdığı obraz illər keçməsinə baxmayaraq izləyicilərin yaddaşında silinməz iz qoyub.








