Mətbuat Şurası jurnalistlərə müraciət etdi

Mətbuat Şurası jurnalistlərə müraciət etdibackend

Mətbuat Şurası müraciət yayıb.

Şuradan Busaat.aza verilən məlumata görə, müraciətdə deyilir:

“Kütləvi informasiya vasitələrimiz Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki durumla bağlı məsələlərə böyük diqqət yetirirlər. Ümumən jurnalistlərimiz Dağlıq Qarabağ münaqişəsinə, onunla əlaqədar istənilən prosesə, yeniliyə, atəşkəsin pozulması hallarına və digər məqamlara maraq göstərirlər. Bu, onların təbiətindən irəli gələn xüsusiyyətdir. Media cəmiyyətin güzgüsüdür, cəmiyyət isə Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğalına münasibətdə barışmazdır. Mövzunun həssaslığını şərtləndirən də budur.

Ancaq təəssüflə bildirməliyik ki, bəzi media orqanlarının cəmiyyətin həssas yanaşdığı taleyüklü məsələyə münasibəti heç də həmişə adekvat olmur. Qeyri-peşəkarlıq hallarını müşahidə edirik. Sosial şəbəkələrdə yayılmış və Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus taktiki pilotsuz uçuş aparatının Hava Hücumundan Müdafiə bölmələrimiz tərəfindən vurulduğunu əks etdirdiyi bildirilən video görüntülərin ayrı-ayrı informasiya saytlarında yer alması da bu baxımdan xüsusi diqqət yetirilməli məsələdir.

Haqqında söz açdığımız görüntülər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən dövriyyəyə buraxılmamış müəyyən sosial şəbəkə istifadəçilərinin bu kimi çəkilişləri yayması isə hələ o demək deyil ki, görüntülər Ermənistana məxsus pilotsuz uçuş aparatının vurulduğu anın təsviridir. Belə hallarda dəfələrlə bildirmişik və yenə də vurğulayırıq ki, əldə edilmiş bilgilərin Müdafiə Nazirliyi ilə dəqiqləşdirilməsi zəruridir. Bu, peşəkarlıq tələbidir. Media orqanı və jurnalist üçün sosial şəbəkədə yayılmış materialın dürüst mənbə ola bilmə mütləqliyi yoxdur.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək onları bu sayaq durumlara münasibətdə peşəkarlığı qorumağa, emosiyalara qapılmamağa, mənbənin dəqiqliyinə ciddi önəm verməyə, rəsmi qurumlara istinad etməyə çağırır. Unutmaq olmaz ki, müasir dövr üçün müharibənin informasiya cəbhəsi anlayışı aktualdır və bu cəbhədə ən xırda detal belə müstəsna əhəmiyyətə malikdir. Media orqanlarımızın, jurnalistlərimizin, cəmiyyətə informasiya verməyə məsul hər bir şəxsin məsələni nəzərə alması isə həm qanunlarımızın tələbidir, həm də böyük mənəvi məsuliyyətdir”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90