Millət vəkili: “Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq” – MÜNASİBƏT

Millət vəkili: “Azərbaycan heç vaxt torpaqlarının işğalı ilə barışmayacaq” – MÜNASİBƏTbackend

“Son illər Azərbaycanda ordu quruculuğu, ordumuzun döyüş qabiliyyətinin artırılması sahəsində böyük uğurlara nail olunub. Bu gün Azərbaycan dünyada ordusu nizamlı, yüksək döyüş qabiliyyətinə və müasir silahlara malik ölkələrdən biri sayılır və günü-gündən ölkəmizin hərbi qüdrəti daha da artır”.

Bunu millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu günlərdə keçirilən ordumuzun hərbi təlimləri bunu bir daha təsdiq edir: “”Global Firepower-2019″un hesabatına görə, Azərbaycan dünyanın ən güclü ordularının reytinqində 52-ci yerdədir. Bu müstəqillik tarixi o qədər çox olmayan ölkə üçün kifayət qədər böyük göstəricidir. Müharibənin davam etdiyi şəraitdə bu uğurlara nail olunması asan deyil və hər ölkəyə nəsib olmur. Azərbaycan bu uğurlara qısa müddətdə nail olub. Burada digər vacib bir məqam isə Azərbaycanın qısa müddətdə silah istehsal edən ölkəyə çevrilməsidir. Bu baxımdan 2006-cı ildə ölkəmizdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması xüsusi əhəmiyyət daşıyır. Son illər ölkəmizdə 20-dən çox hərbi zavod fəaliyyətə başlayıb. Bu zavodlarda 2000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, ordumuz həmin məhsullarla təchiz olunur. Eyni zamanda, həmin məhsulların bir hissəsi ixrac edilir.

Prezident İlham Əliyevin son günlər “Natsionalnaya oborona” (“Milli müdafiə”) jurnalına verdiyi müsahibədə də qeyd etdiyi kimi, son illərdə Azərbaycan xaricdən ən müasir texnika və silahlar alıb. Onların arasında yüzlərlə zirehli texnika, çoxsaylı keşikçi gəmiləri və hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi-nəqliyyat və nəqliyyat helikopterləri, ən müasir pilotsuz kəşfiyyat və döyüş uçuş aparatları, hava hücumundan, raketdən müdafiə vasitələri, ən müasir rabitə vasitələri, reaktiv yaylım atəşi sistemləri, operativ-taktiki raket kompleksləri də var. Bütün bunlar ordumuzun döyüş qabiliyyətinin daha da artırılmasına şərait yaradır.

Son illər Azərbaycan ordusunun əsgər və zabitlərinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də ölkəmizdə böyük işlər görülüb. Onlarla hərbi şəhərcik yaradılıb. Hərbçilərin xidmət şəraiti daha da yaxşılaşdırılıb. Son bir neçə ildə hərbi hissələrin, hərbi şəhərciklərin 80 faizdən çoxu yenidən tikilib və ya əsaslı təmir edilib. Qarşıdakı 2-3 il ərzində bütün hərbi şəhərciklərin tamamilə təmir edilməsi planlaşdırılır. Son illər ordu quruculuğu sahəsində görülmüş bütün bu ardıcıl və məqsədyönlü tədbirlər Azərbaycan ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirmiş, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsinə öz töhfəsini vermişdir. Ordumuzn keçirdiyi son təlimlər həm də Ermənistan tərəfinə xəbərdarlıq məqsədi daşıyır. Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və tezliklə öz torpaqlarını işğaldan azad edəcək”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90