Naqif Həmzəyev: “Paşinyanın yalanla dolu müdaxiləsi İlham Əliyev tərəfindən kəskin şəkildə cavablandırılıb

Naqif Həmzəyev: “Paşinyanın yalanla dolu müdaxiləsi İlham Əliyev tərəfindən kəskin şəkildə cavablandırılıbbackend

“Bu gün Azərbaycan dünyada müstəqil siyasət yürüdən, qlobal siyasi proseslərə və beynəlxalq münasibətlər sisteminə öz baxışı olan bir dövlət kimi tanınır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib”.

Bunu açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev bildirib.

Millət vəkili bildirib ki, ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasət sayəsində Azərbaycan öz ətrafında əlverişli xarici mühit formalaşdırıb, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirib: “Öz milli maraqlarına xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün unikal əməkdaşlıq məkanına çevrilən Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrini getdikcə möhkəmləndirməsi respublikamıza həm siyasi, həm də iqtisadi dividendlər qazandırıb. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır.

Avropa Şurasının prezidenti Şarl Mişelin sədrliyi, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borellin iştirakı ilə iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində iştirak edən ölkə Prezidenti İlham Əliyev Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu bildirib. Azərbaycanın Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzaladığını deyən dövlətimizin başçısı qeyd edib: “Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir”.

Millət vəkili Naqif Həmzəyev deyib ki, “Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının gələcəyi və uğuru regionda təhlükəsiziliyin və sabitliyin qorunub saxlanılmasından asılıdır: “Özünü bölgədə etibarlı tərəfdaş kimi təsdiq edən Azərbaycanın demək olar ki, bütün qonşu ölkələrlə strateji tərəfdaşlıq münasibətləri var. Təəssüflər olsun bəzi regional perspektivlər həll olunmamış münaqişələrin girovuna çevrilib. Avropa Parlamentinin Avropa qonşuluq siyasəti haqqında qətnaməsində qeyd olunduğu kimi, “Şərq tərəfdaşlığı”na üzv bir ölkə digər tərəfdaş ölkənin ərazisini işğal edə bilməz. Ərazi bütövlüyü, müstəqillik, suverenlik və münaqişələrin sülh yolu ilə həll olunması məsələləri bütün sənədlərdə öz əksini tapmalıdır.

Videokonfransda Azərbaycanın ərazi bütövlüyü bərpa olunması məsələsinə Prezidentimiz İlham Əliyev xüsusi diqqət çəkərək bildirib ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır.
Videokonfransda Ermənistanın baş naziri Nikol Paşinyanın ermənicə replika atması da gözdən qaçmadı. Hər zaman olduğu kimi məntiqsiz, cəfəngiyatla, yalanla dolu müdaxiləsi, ölkəmizi ittiham etməsi Prezidentimiz tərəfindən kəskin şəkildə çavablandırılıb. Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilən Sammitində Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə özünü ifşa etdi. Sammit Münhen debatından sonra Azərbaycan Prezidentinin siyasi və dövlət xadimi olaraq təcrübəsinin, təmkininin işğalçı dövlətin rəhbərindən qat-qat üstün olduğunun növbəti nümayişi oldu.

Ermənistanın baş nazirinin yersiz replikasına ölkə Prezidentimizin təmkinli cavabı Azərbaycanın prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcəyinə, öz ərazi bütövlüyünü bərpa etmək əzmində və gücündə olduğuna, Şərq Tərəfdaşlığı ölkələrinin ərazilərində baş verən bütün münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunacağına daha bir mesaj oldu. Eyni zamanda videokonfrans formatında keçirilən Sammit Azərbaycanın tam müstəqil mövqeyi olan dövlət olduğunun nümayişi oldu” . – deyə, Naqif Həmzəyev qeyd edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90