“Nar” yüksək bal toplayanların sevincinə sevinc qatdı – Fotolar

image-fhdbackend

Universitetlərə qəbul imtahanlarında yüksək nəticə göstərmək hər bir abituriyentin arzusudur.

Ən yüksək nəticəni məqsəd kimi qarşısına qoyan çox olsa da, buna nail olanlar azdır. Çünki bu, böyük zəhmət və əziyyət tələb edir.

Nə qədər çətinliklərlə üzləşsələr də, o nəticəni əldə edənlərin sevinci yerə-göyə sığmır. “Nar” artıq 8 ildir ki, həmin şəxslərin sevincinə şərik olur və hər il ən yüksək nəticə göstərən 10 abituriyenti mükafatlandırır.

“Nar”ın Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirdiyi “İlin abituriyenti” layihəsi bu il də baş tutub.

Mükafatlandırma mərasimində tanınmış dövlət və ictimai-siyasi xadimlər, abituriyentlərin valideynləri və media nümayəndələri iştirak ediblər.

“Nar”ın İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət departamentinin direktoru Hökümə Kərimova tədbiri açaraq qeyd edib ki, “Nar” hər zaman təhsili dəstəkləyir: “Nar” yalnız ölkədə 2,2 milyondan çox abunəçiyə xidmət göstərmir, eyni zamanda bir sıra korporativ sosial məsuliyyət tədbirləri həyata keçirir. Layihələrimiz müxtəlif olsa da, əsasən inklüzivlik, vətənpərvərlik və təhsilə dəstək istiqamətindədir.

Artıq 8 ildir ki, ənənəvi olaraq reallaşdırdığımız bu tədbirimiz də bunun sübutudur. Gənclərin yaxşı təhsil almasına dəstək olmaqla gələcəyə yatırım edirik, çünki yaxşı təhsil yaxşı gələcəyin təminatıdır”.

Millət vəkili Tahir Mirkişili yüksək bal toplayan abituriyentlərə məsləhətlər verərək, 700 bal toplamağın yalnız başlanğıc olduğunu vurğulayıb: “Mən qəbul imtahanında 540 bal toplamışdım. 25 il keçib və bu müddətdə çox rəqəmlərlə işləmişəm, amma o balı heç vaxt unutmaram. Əminəm ki, sizin üçün də 700 bal toplamaq unudulmaz olacaq. Lakin tələbəlik dövründə özünüzü gələcəyə hazırlamaq əsas məsələlərdən biridir. Bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün çoxsaylı resurslardan istifadə etmək lazımdır”.

Millət vəkili Ceyhun Məmmədov çıxışında dövlətin inkişafının təhsillə əlaqəli olduğunu vurğulayaraq, təhsilə dəstəyin vacibliyini qeyd edib: “Azərbaycan yeni bir dövrə qədəm qoyur və bu dövrdə yüksəkixtisaslı kadrlara ehtiyac böyük olacaq. İnkişaf etmiş ölkələrin uğur sirri məhz təhsillə bağlıdır. Biz də çalışmalıyıq ki, gənclərimiz bilikli və savadlı olsunlar. Şirkətlərimizin yüksək nəticə göstərənləri mükafatlandırması isə təhsilə dəstəyin nümunəsidir”.

Modern.az-ın rəhbəri Elşad Eyvazlı isə yüksək nəticə göstərən gənclərin məqsədli olduğunu bildirib: “700 bal toplamaq gözəl bir uğurdur. İllərdir ki, 700 bal toplayan gəncləri dəstəkləyirik və çox istərdik ki, onların uğurlarının davamını görək. Onların böyük potensialı var və bu potensialdan istifadə etməlidirlər”.

Digər çıxış edənlər tələbəlik dövründə kommunikasiya, liderlik və idarəetmə bacarıqlarının əhəmiyyətini, təcrübə qazanmağın vacibliyini, ictimai fəallığın üstünlüklərini və xarici dilləri öyrənməyin vacibliyini vurğulayıblar.

Tədbirin sonunda “Nar” 2023-2024-cü tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstərən ilk 10 abituriyenti xüsusi hədiyyələrlə mükafatlandırıb. Onlara qızıl nömrə, 700 AZN balans və müasir smartfonlar təqdim edilib.

Tədbirdən sonra 700 bal toplayan Şəbnəm Novruzova ilə söhbət edilib. O bu nəticəni düzgün və intizamlı çalışma ilə əldə etdiyini deyib: “İntizam, hətta motivasiyasız olduğumuz zaman belə dərsimizə davam etməyimizə kömək edir. Məqsədim 700 bal toplamaq idi, amma ən böyük məqsədim ixtisaslı kadr olmaqdır. ADA Universitetinin maliyyə ixtisasını seçmişəm və yaxşı maliyyəçi olmaq istəyirəm”.

697,5 bal toplayan Aytac Əliyeva isə Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi ixtisasını hədəflədiyini bildirib: “Uşaqlıqdan bu universitet və ixtisas mənim məqsədim idi. Çox çalışmalı idim və nəticədə buna nail oldum. Universitet dönəmində də həm təhsilimə, həm də şəxsi inkişafıma davam edəcəyəm. Vətənə faydalı olmaq üçün əlimdən gələni edəcəyəm”.

695 bal toplayan Məmməd Gülməmmədov da bu nəticəni tək öz əməyinin deyil, ailəsinin və müəllimlərinin dəstəyi ilə əldə etdiyini deyib: “Bu nəticəyə görə ən çox valideynlərimə və müəllimlərimə borcluyam. Universitet dövründə də öz üzərimdə çalışmaq, imkan olarsa, xaricdə təhsil almaq planlarım var”.

Məmmədin anası Şəfəq Gülməmmədova isə oğlunun bu uğurundan böyük qürur hissi keçirdiyini bildirib və “Nar”ın bu diqqətinə görə minnətdarlıq edib: “Oğlum uşaqlıqdan çalışqan idi və bu gün onun əziyyətlərinin bəhrəsini görmək bizi çox sevindirir”.

Gənclər artıq ali təhsil dövründə də böyük məqsədlər qoyaraq, öz inkişaflarına davam etməyi qarşılarına məqsəd qoyublar. Onlara uğurlar arzulayan “Nar” isə gənclərin təhsilini dəstəkləməkdə davam edəcək.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki