Nikol Paşinyan və Toivo Klaar Qarabağdakı vəziyyəti müzakirə edib

image-default-21backend

Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, səfir Andrea Viktorin də iştirak edib.

Busaat.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

Məlumata görə, tərəflər regiondakı vəziyyəti, eləcə də Ermənistan və Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər. Tərəflər Avropa İttifaqının yeni mülki missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi ilə bağlı qərarın əhəmiyyətini vurğulayıblar ki, bu da regionda sabitlik və təhlükəsizliyə “təkan verəcək”. Laçın yolunun “bağlanması” nəticəsində Qarabağda yaranmış “humanitar böhran”a da toxunulub.

Paşinyan qeyd edib ki, Qarabağda vəziyyət günü-gündən ağırlaşır və pisləşir, məktəblər və uşaq bağçaları fəaliyyət göstərmir, tibb müəssisələrində kəskin dərman çatışmazlığı yaranır.

Bundan başqa, erməni lider iddia edib ki, Azərbaycan Qarabağa qazın verilişini kəsib, elektrik enerjisinin verilməsində də problem var. Yaranmış vəziyyətə beynəlxalq ictimaiyyətin məqsədyönlü reaksiyasının vacibliyini qeyd edən Nikol Paşinyan Avropa Parlamentinin son vaxtlar qətnamələr qəbul etməsi faktını məmnunluqla qarşıladığını vurğulayıb.

Toivo Klaar Laçın yolundakı vəziyyətdən narahatlığını bildirib və yolun fasiləsiz fəaliyyətinin zəruriliyini vurğulayıb. O qeyd edib ki, Aİ regionda sabitliyin və sülhün təmin edilməsində maraqlıdır və problemin həllinə yardım etməkdə davam edəcək.

Tərəflər Avropa İttifaqının yeni mülki missiyasının yerləşdirilməsi prosesi, eləcə də Ermənistanda həyata keçirilən institusional islahatlar üzrə Ermənistan-Aİ birgə proqramlarının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90