Ombudsmandan “Human Rights Watch”un hərbi əsir iddialarına – Reaksiya

image-7657c7ca-f63d-3400-bd93-2d67395ee243_850backend

Ombudsman Səbinə Əliyeva “Human Rights Watch” təşkilatının 19 mart 2021-ci il tarixli hesabatında Ermənistan əsirlərinə qarşı pis rəftara dair iddiaları şərh edib.

Ombudsman Aparatından bildirilib ki, “Human Rights Watch” (HRW) təşkilatının bu yaxınlarda Azərbaycanda saxlanılan erməni müharibə əsirlərinə qarşı pis rəftarın olduğunun iddia edildiyi hesabatı qərəzli yanaşmanı əks etdirir və beynəlxalq ictimaiyyəti çaşdırır:

“Münaqişələr, onların nəticələri, müharibə əsirləri, iddia edilən beynəlxalq humanitar hüququn pozulması və s. kimi həssas mövzulara dair hər hansı bir hesabatda obyektivlik prinsipinə riayət olunmalı və birtərəfli mövqedən yayınmaq üçün yalnız yoxlanılmış faktlardan və əsaslandırılmış arqumentlərdən çıxış edilməlidir. Müstəqil beynəlxalq və yerli insan hüquqları qurumları kimi etibarlı mənbələr tərəfindən təqdim olunan materiallara və faktlara da istinad edilməlidir. Təəssüf ki, HRW hesabatında bu prinsipləri görmürük. Əksinə, yenə də bu baxımdan ikili standartlara, həqiqətin və danılmaz faktların təhrif olunmasına şahid oluruq.

HRW təşkilatından onlara qarşı birbaşa şahidi olduqları pis rəftarla bağlı ətraflı məlumat verə biləcək keçmiş azərbaycanlı müharibə əsirlərini, o cümlədən, birgə tutulduqları və ya eyni kameralarda saxlanıldıqları digər müharibə əsirləri barədə də araşdırma etməsini və onlardan müsahibə almasını gözləyirik. Ən azından öz hesabatlarını yaymazdan öncə, HRW Ermənistan əsirliyində saxlanılan Azərbaycanın müharibə əsirləri və girovlarına qarşı rəftar barədə Azərbaycan Ombudsmanının hesabatı ilə tanış ola bilərdi”.

Bildirilib ki, Azərbaycan tərəfindən 10 noyabr 2020-ci il tarixli birgə Bəyanata tam riayət edilməklə bütün erməni hərbi əsirlər Ermənistana geri qaytarılıb:

“HRW təşkilatının qərəzsiz mövqe tutmalı və obyektiv bir araşdırma aparmalı olduğunu düşünürük. HRW və digər əlaqədar təşkilatları nifrətə və insan hüquqlarının daha da pozulmasına səbəb ola biləcək hər hansı bir qərəzli hesabat və ya bəyanat yaymaqdan çəkinməyə çağırırıq”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90