Onlar könüllü üzr istəyir, ya məcbur edilirlər?

image-uzrlerbackend

“Polis İdarəsində həmin şəxslə profilaktiki söhbət aparılıb və o, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq edib…”- Son günlərdə Daxili İşlər Nazirliyi tərəfindən yayılan xəbərlərdə bu cümlələri tez-tez görüb-eşidirik. Sosial şəbəkələrdə müxtəlif xəta və qeyri-etik hesab edilən davranışları ilə görüntülənən şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, daha sonra onların üzr görüntüləri yayılır.

“Qafqazinfo” xəbər verir ki, sonuncu belə hadisələr aztəminatlı şəxsləri təhqir etdiyi deyilən “Gelandewagen” sürücüsü Samid Bağırov və bayraqla avtomobilini təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü ilə bağlı yaşandı. Polis idarəsində konkret ünvan olmadan üzr istəyən həmin şəxslər adətən əməlindən peşmanlıq duyduğunu deyir.

Yaxın tarixdəki həmin videolardan bir neçəsini xatırlayaq:

Gənclər arasında Zevs ləqəbi ilə tanınan məşhur videobloqer Ruslan Quliyev dövlətdən aldığı 190 manatlıq birdəfəlik ödəmənin hamısına qarpız alaraq onları əzib videoya çəkmişdi. Yutubda yayılan həmin görüntülərdən sonra R.Quliyev və qardaşı polis bölməsinə çağırılaraq izahatları alınmış, DİN tərəfindən qardaşların üzr videosu yayılmışdı.

Bakıda xanım müştərisinə çay içməyi təklif edən taksi sürücüsünün üzr istəməsinin görüntüləri də bu yaxınlara aiddir. Qadın sərnişin sürücünün təklifinə rədd cavabı vermiş, sürücü isə dəfələrlə qadınla çay içməkdə israr etmişdi. Daha sonra həmin sürücü etdiyi hərəkətindən peşman olduğunu deyib və bütün Azərbaycan xalqından üzr istəmişdi.

Bir neçə ay öncə isə ən geniş müzakirələrə səbəb olan analoji videolardan biri “Pantural” ləqəbli videobloqerlə bağlı yaşanmışdı. Əsl adı Tural Səfərov olan bloqer sosial şəbəkələrdə “açıq-saçıq geyinən qadınları zorlayın” dediyi üçün polis idarəsinə dəvət olunub izahatı alınmış, daha sonra vətəndaşlardan üzr istəmişdi.

Üzr videoları cəmiyyətdə əksəriyyət tərəfindən rəğbətlə qarşılansa da, tənqid edənlər, bunun hüquqi baxımdan düzgün olmadığını deyənlər də var.

Bəs sözügedən şəxslər könüllü şəkildə üzr istəyir?

Tanınmış hüquq müdafiəçisi, vəkil Elçin Sadıqov isə “Qafqazinfo”ya bildirib ki, heç kəs belə bir videonu çəkdirib yayılmasına məcbur edilə bilməz: “Çox güman ki, Daxili İşlər Nazirliyi bunu onunla əsaslandırmağa çalışır ki, guya həmin videoların çəkilməsində heç bir rolları olmayıb, həmin şəxslər özləri bunu könüllü edib. Amma bu da açıq-aşkar əsassızdır. Həmin adamlar Daxili İşlər Nazirliyi tərəfindən üzr videolarının çəkilməyinə məcbur olunublar. Bu da insan hüquqları haqqında konvensiyanın 3-cü və 8-ci maddəsinə, eləcə də Konstitusiyanın 46-cı maddəsinə ziddir”.

Vəkil bildirib ki, şəxsin əməlində hansısa hüquq pozuntusu varsa, onun barəsində inzibati protokol tərtib olunmalıdır: “Şəxsin barəsindəki inzibati xətaya məhkəmə baxmalıdır. Hansı maddə ilə təqsirli bilinməsindən asılı olaraq ona məhkəmə də baxa bilər, polisin özü də baxa bilər. Amma belə bir video heç bir halda çəkdirilə bilməz. Videonun çəkilməsi qanunsuzdur, insanın şərəf və ləyaqətinin alçaldılması, psixoloji iztirab verilməsi kimi qiymətləndirilir. Həmin şəxslər məhkəməyə müraciət edə bilər və birmənalı olaraq məhkəmə bu hüquq pozuntusunu tanıyacaqdır. Bir videonun sosial şəbəkələrdə müzakirəyə səbəb olması o demək deyil ki, sən həmin şəxsi aparıb qanunsuz videoya çəkib yayaraq şərəf və ləyaqətimi alçalda bilərsən. Hüquqi dövlətdə yaşayırıq, plüralizm və fikir azadlığı var, ideya azadlığı var və buna sərbəstlik verilməlidir”.

 

Məsələ ilə bağlı DİN yanında İctimai Şuranın üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyevdən fikir öyrəndik. Onun sözlərinə görə, həmin şəxslər birgə yaşayış qaydalarını pozub tərbiyədən uzaq hərəkət edənlərdir: “Konstitusiyaya görə, dövlət vətəndaşın şərəf və ləyaqətini qorumalıdır. Birgə yaşayış qaydalarının qorunması həm də hüquq-mühafizə orqanlarının işidir. Əks halda hər kəs istənilən şəxsi təhqir edər. Nə qədər hadisələr görmüşük ki, təhqirin sonu cinayətlə nəticələnir. Odur ki, DİN-in bu tədbiri alqışlanmalıdır. Şərəf və ləyaqətin zədələnməsi baş verirsə, burada üzr olmalıdır.

Əlbəttə həmin şəxslər bunu könüllü edir. Onlara izah olunur ki, sənin hörmətsizliyin insanların şərəf və ləyaqətinə təsir edir. Onların da bir çoxu cəmiyyət qarşısında səhvlərini başa düşür, peşman olduqları üçün üzr istəyirlər. Necə ola bilər ki, bir şəxs publik şəkildə cəmiyyəti təhqir etsin, amma buna görə üzr istəməsin? Hələ DİN buna görə yüngül üsul seçir. Həmin şəxslərə sanksiyalar tətbiq olunmalıdır. Həmin şəxsin etik qaydalardan kənar hərəkətləri müxtəlif sosial şəbəkələr vasitəsilə cəmiyyətə çatdırılıbsa, deməli onun üzrxahlığı da eyni formada cəmiyyətə çatdırılmalıdır. Onların hərəkətləri bütün əxlaq normalarını pozur”.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90