Ordumuz dağlarda düşməni belə məhv edir… – 2 MİN METR YÜKSƏKLİK VƏ…backend

“Sentyabrın 27-də erməni təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatında ən vacib olan Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mifi dağıtmaq idi. Bunu da Azərbaycan Ordusu qısa müddətdə bacardı və bu gün ordumuz torpaqlarımızın böyük bir qismini işğalçılardan təmizləyib və uğurlarımız davam edir”.

Busaat.az xəbər verir ki, bu sözləri  hərbi ekspert Ədalət Verdiyev deyib. O bildirib ki, təəssüflər olsun ki, sosial şəbəkələrdə bəziləri hər gün azad edilən kəndlərlə qane olmur və qısa müddətdə bütün şəhərlərimizin, o cümlədən Şuşanın, Kəlbəcərin, Laçının, Xankəndinin azad edilməsini gözləyir:

“Birincisi, şəhər və ya kəndin azad edilməsi üçün yüksəkliklərə nəzarət vacibdir. Yüksəkliklər isə addım-addım azad olunur. Qoşunlarımız irəlilədikcə yüksəkliklər də artır.

İkincisi, dağlıq ərazilərdə yol infrastrukturunun olmaması, çox vaxt alternativi olmayan yollardan istifadə və onların geri çəkilən düşmən tərəfindən minalanması, dağ çayları üzərindən keçən körpülərin sıradan çıxarılması, mövcud yolların məhdud buraxılış qabiliyyəti, sərt eniş-yoxuş və döngələr, pusqu ehtimalı qoşunların hərəkət sürətinə mənfi təsir edir.

Üçüncüsü, iqlim şəraiti hücumda olan əsgərimizə düşməndən heç də az müqavimət göstərmir. Dağlarda yağıntı düzənliyə nisbətən iki dəfə çox olur. Gecə və gündüz arasında 20 dərəcəlik temperatur fərqi, tez-tez havanın dəyişməsi və güclü küləklər müşahidə olunur. İldırım ehtimalı daim yüksək qalır. Dağlıq ərazidə, duman və ya çiskində istiqaməti saxlamaq, döyüşmək, sağ qalmaq, düşməni məhv etmək və verilən tapşırığı yerinə yetirmək asan deyil.

Həmçinin, Dağlıq Qarabağın 2000 metrdən yüksəkdə yerləşən dağlıq ərazilərində sərt yoxuşları, hər 100 metr artan yüksəklik üçün temperaturun 0.6 dərəcə soyumasını, təzyiqin 10 mm c.s. enməsini, oksigen sıxlığının 1.2 faiz azaldığını, günəş radiasiyanın 1-2 faiz, ultrabənövşəyi şüaların 5-10 faiz artığını, qanda isə oksigenin azaldığını da nəzərə almalıyıq. 3000-dən yuxarı yüksəklərdə isə insan iştahasını itirir, pis eşidir, görmə zəifləyir. 5000 metrdə insan müsbət 6 dərəcə temperaturda dona bilər”, – deyə ekspert bildirib.

Redaktor.az