Özəl klinikalar əhali arasında koronavirus xofu yayır (SƏBƏB)

Özəl klinikalar əhali arasında koronavirus xofu yayır (SƏBƏB)backend

Hazırda ölkəmizdə koronavirus testi ən populyar tibbi xidmətlərdən biridir. Bir çox insan bu testi heç bir xəstəlik əlaməti olmadan etməyi qərara alır – kimsə panikaya düşür, kimsə özünü və yaxınlarını sığortalayır.

Lakin son günlərdə vətəndaşlar bir sıra özəl klinikalarda koronavirus testindən keçə bilmədiklərini, bu xidmətin səbəb göstərmədən dayandırıldığını qeyd edirlər. AYNA əməkdaşı bu şikayətlərin həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün Bakının bir neçə özəl klinikasına müraciət edib.

“Memorial Clinic”dən dedilər ki, onlar hazırda yalnız harasa səfər, uçuş planı və ya bileti olanlar üçün koronavirus testi edirlər. Klinikanın əməkdaşları son zamanlarda müayinədən keçmək istəyən müştərilərin sayının çox olduğunu qeyd etdilər. Bu da öz növbəsində test reagentlərinin sayının kəskin azalmasına səbəb olub. Yeni partiyanın isə nə vaxt gətirilicəyi hələ bilinmir.

“MediClub”ın İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Zaur Orucun dediyinə görə, onlara TƏBİB, Səhiyyə Nazirliyi və ya hansısa başqa bir dövlət qurumundan özəl klinikalarda koronavirus testinin qadağan edilməsi və ya tamamilə dayandırılması barədə əmr gəlməyib: “Koronavirus testini edib-etməmək məsələsində klinikalar özləri qərar verir. Bir sıra klinikalarda reagentlərlə bağlı problemlər mövcuddur, lakin bu, sırf texniki problemdir və həll olunur. Burada söhbət antitellərin olub-olmadığını müəyyən etmək üçün keçirilən qan testindən gedir”.

“O ki, qaldı PCR-testə, “MediClub”ın həm Üzeyir Hacıbəyli küçəsində yerləşən klinikasında, həm də xəstəxanada bu müayinə aparılır, sadəcə fərqli xəstələr üçün testlər də fərqlidir. Xəstəxanada vaxt itirməmək üçün testlər kompüter tomoqrafiyasını keçmək üçün müraciət edən xəstələrə edilir. Digər xəstələr Üzeyir Hacıbəylidəki klinikamızda heç bir konsultasiya aparılmadan da testdən keçə bilərlər. Testdən əvvəl orada insanın koronavirus xəstəsi ilə əlaqədə olub-olmaması və onda hansı sipmtomların olması soruşulur. Risk faktorları mövcuddursa, o, potensial yoluxmuş xəstə kimi qəbul edilir və digər xəstələrlə təmasda olmasına yol verilmir. COVID-ə yoluxma şübhələri olan insana təkcə PCR testi kifayət etmir. Həmin adam mütləq həkim konsultasiyasından da keçməlidir. PCR-in nəticəsi saxta neqativ də çıxa bilər”, – klinika sözçüsü bildirdi.

Orucun sözlərinə görə, özəl klinikalara adətən ödəniş qabiliyyəti yüksək olan vətəndaşlar müraciət edirlər ki, bunun özü də müsbət haldır: “Belə ki, bu yolla onlar imkansız vətəndaşlar üçün dövlət qurumlarında yer boşaltmış olurlar. Bununla da dövlətin bu ağır pandemiya dövründə az da olsa, yükü azalır”.

Qeyd edək ki, vətəndaşlar tez-tez koronavirus üçün testlərin səhv nəticələr göstərdiyindən şikayət edirlər. “MediClub” təmsilçi də qeyd etdi ki, belə hallar, kütləvi də olmasa, baş verir: “Tibb elminə həmişə 100% düz nəticə göztərən testlər hələ məlum deyil. Bəzi testlərin nəticələri səhv çıxa bilər. Bu, hətta on illərdir istifadə olunan, sınaqdan keçmiş və təkmilləşdirilmiş testlərə də aiddir. Tələsik yaradılan analitik sistemlərə, reaktivlərə və pandemiya dövründə koronavirus üçün testlərə gəldikdə, onlar klassik testlərdən daha çox yanlış nəticələr verə bilər ki, bu da normaldır”.

Dövlətə məxsus tib müəssisəsinin – 8 saylı poliklinikanın baş həkimi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan bölməsinin üzvü Tamilla Kərimovadan isə öyrəndik ki, ölkədə koronavirus üçün kifayət qədər testlər və xəstələrin müalicəsi üçün lazım olan bütün vəsaitlər var: “Məni başqa sual maraqlandırır: niyə bu qədər vətəndaşımız testdən keçmək istəyir? Axı bu testdən yalnız koronavirus əlamətləri olanlar, müəyyən simptomlu yoluxmuş insanlarla əlaqədə olanlar və xaricdən qayıdanlar keçməlidir. İndi isə bir adam bazara-dükana gedir, panika içərisində geri qayıdır və “bəlkə mən də tutulmuşam”, – deyə qaçır test verməyə. Unutmayın ki, koronavirus testindən keçmək profilaktik tədbirlər siyahısına daxil deyil”.

Həkimin sözlərinə görə, özəl klinikalar yaranmış vəziyyətdən xeyli istifadə edib: “Vətəndaşlar arasında qorxu hissini artırdılar ki, test verməyə gələn müştəriləri çox olsun. Axı bir testin qiyməti özəl klinikada 130-140 manata başa gəlir. İndi biz insanlardakı qorxu hissini aradan qaldırmağa çalışırıq, maarifləndirmə işləri aparırıq. Bu xəstəlikdən qorxmamalı, məlum simptomlar müşahidə ediləndə, sadəcə həkimə müraciət etməlisiniz. Həm öskürək, həm də qızdırma sağlamlığın təhlükədə olmasının əlamətidir. Amma bunun səbəbinin hansı xəstəlik olmasını bilmək üçün ehtimallarla çıxış etmək, necə deyərlər, fala baxmaq olmaz. Bunu həkimlər müəyyən etməlidirlər”.

“Bu gün adama elə gəlir ki, ölkədə COVID-19-dan başqa xəstəlik yoxdur. Əlbəttə ki, bu, belə deyil və digər xəstəliklərdən planlı müalicə alan insanlar onların müalicəsinin arxa plana keçirilməsi faktları ilə qarşılaşmamalıdırlar. COVID-19 pandemiyası dövlət səviyyəli problemdir. Əminəm ki, Səhiyyə Nazirliyi də bu prosesə qoşulduqdan sonra vəziyyət 10-15 gün ərzində düzəlməyə doğru gedəcək. Koronavirus üçün testlər hər kəsə dövlət hesabına edilir. Yalnız dövlətin bu işlə məşğul olduğu təqdirdə, biz dəqiq statistik mənzərə əldə edəcəyik”, – deyə baş həkim vurğuladı.

Kərimova əlavə etdi ki, rəhbərlik etdiyi klinikanın həkimləri karantin altında saxlanılan şəxsləri izləyir və karantinin sonunda bu insanlar testdən keçirilir: “Bir çox xəstənin xəstəxanada müalicəyə ehtiyacı yoxdur, xəstəlikləri yüngül keçir. Əgər ağırlaşma baş verərsə, o zaman təcili yardım çağrılır və vətəndaş xəstəxanaya yerləşdirilir. Problemə belə yanaşma zamanı xəstəxanalarda yer çatışmazlığı problemi də aradan qalxacaq. Hazırda xəstəxanalarda olan xəstələrin, təxminən 60%-i evdə müalicə oluna bilər”.

Mənbə: Ayna.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90