Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Bununla da minimum əməkhaqqı məbləğinin artırılmasına yeni dövri sistem gəlir.
Qanuna əsasən, minimum əməkhaqqı ildə ən azı bir dəfə nəzərdən keçiriləcək, bu da işçilərin gəlirlərinin inflyasiya və yaşayış səviyyəsinə uyğunlaşmasını təmin etməyə xidmət edəcək. Hazırda dövlət sektorunda minimum əmək haqqı 400 manat, maksimum isə 1150 manat təşkil edir.
Maraqlıdır, yeni dəyişikliklər bu aralığa necə təsir edəcək və özəl sektorlar da minimum əməkhaqqı artımına uyğunlaşacaqmı?
Sfera.az-a bu haqda açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə əsasən, minimum əməkhaqqının artırılması qanunla nəzərdə tutulduğu üçün artımların davamlılıqla həyata keçirilməsi üçün hüquqi baza yaranır:
“Hamı bilir ki, dövlət sektorunda minimum əməkhaqqı 400 manat səviyyəsindədir, bəzi sahələrdə isə müəyyən tarif cədvəlləri üzrə əməkhaqqı daha yüksək, təxminən 1150 manat və ya daha çox ola bilər. Yeni qayda işçilərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır və artımların mütəmadi olacağına dair siqnal verir. İlham Əliyev tərəfindən təsdiqlənən yeni dəyişikliklə minimum əməkhaqqı məsələsi daha sistemli şəkildə nəzərdən keçiriləcək”.
Ekspert bu dəyişikliyin özəl sektor üçün də vacib olduğunu qeyd edib:
“Çünki minimum əməkhaqqı qanunla müəyyən edilir və bütün müəssisələr üçün məcburidir. Özü-özlüyündə bu o deməkdir ki, özəl sektor da bu artımlara uyğunlaşmalıdır, yəni əmək müqaviləsində göstərilən minimum səviyyəni təmin etməlidir. Artım tempini bizneslər öz gəlir və xərclərinə uyğunlaşdıracaq, lakin qanunvericilik minimum maaşın yüksəldilməsinə baxmayaraq, onun altında əməkhaqqı verməyə icazə vermir. 400-1150 manat aralığı, gələcək artımlarla, iqtisadi şəraitdən və dövlət tərəfindən müəyyən edilən yeni minimum səviyyələrdən asılı olaraq arta bilər. Məsələn, minimum əməkhaqqı gələcək illərdə yaşayış xərclərinə və iqtisadi göstəricilərə uyğun olaraq yenidən 450, 500 və daha yüksək səviyyələrdə müəyyən oluna bilər. Bununla yanaşı, orta və yüksək maaşlar da bazar və sektor tələblərinə görə adətən minimum əməkhaqqından kənarda formalaşır”.








