ABŞ-nin prezidenti Donald Trampın Ukraynada müharibəyə son qoyması ilə bağlı planı hazırdır və bu plana əsasən müharibə may ayınadək bitməlidir.
Ölkə.Az xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşri yazıb.
Nəşrin yazdığına görə, hazırda Kiyevin siyasi və diplomatik dairələri ABŞ prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli planını müzakirə edirlər.
Məlumata görə, proses Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında telefon danışığı ilə başlamalı, bundan sonra Tramp və Putin “yol xəritəsi”nə əsasən bu ilin fevralın sonu və ya martın əvvəlində görüşməlidirlər. ABŞ sazişin bağlanması üçün beynəlxalq konfrans təşkil edəcək. Atəşkəs rejimi razılaşması Pasxa bayramınadək, daha doğrusu, aprelin 20-dək əldə edilməlidir.
Digər məlumata əsasən isə tərəflər aprelin 20-dək razılığa gələ bilməzlərsə, o zaman mayın 9-na kimi razılıq əldə edilməlidir.
Müvafiq olaraq, Kiyev Rusiyanın sərhədlərini tanımalı və qoşunlarını Kursk vilayətindən çıxarmalıdır. Ukrayna nüvə neytrallığını bəyan etməli və NATO üzvlüyündən imtina etməlidir.
2030-cu ilə qədər ABŞ Ukraynaya hərbi dəstək verəcək və onun Aİ-yə üzv olmasına kömək edəcək. Aİ Ukraynanın yenidən qurulmasını qismən öz üzərinə götürəcək. Bu məqsədlə Avropa İttifaqının Ukraynaya yenidənqurma üçün 486 milyard dollar ayıracağı təxmin edilir.
Razılaşma çərçivəsində Rusiyaya qarşı sanksiyalar mərhələli şəkildə ləğv ediləcək. Bununla belə, Rusiyanın enerji resurslarına tariflər tətbiq olunacaq, ondan əldə olunan gəlirin bir hissəsi Ukraynanın yenidən qurulmasına yönəldiləcək.
Lakin Zelenskinin ofisi bu məlumatı təkzib edərək, rəsmi planların olmadığını bildirib. Prezident administrasiyasının rəhbəri Andrey Yermak da bu cür nəşrləri manipulyasiya adlandırıb.