Prezident İlham Əliyevin bölgələrə səfərləri müntəzəm xarakter daşıyır

image-seferbackend

Prezident ölkə rəhbəri kimi görülən işlərlə yerində tanış olmaqla və dərhal tapşırıqlar verməklə insanlarda davamlı inkişaf üçün əminlik yaradır. Vətəndaşlar qısa zaman ərzində genişmiqyaslı işlərin şahidi olur. Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsinə səfəri də bu qəbildən olan əhəmiyyətli səfər idi.

Tarixçilərin fikrincə, Basqal hələ dördüncü yüzillikdə mövcud olub. Qəsəbənin yerləşdiyi indiki ərazi qədim Alban dövlətinə mənsub olub. Qədim tarixi mədəniyyətə malik olan Basqal qala və məscidləri ilə çox məşhurdur. Mərhum akademik Ziya Bünyadovun fikrincə, “bas” və “qal” ifadələrinin birləşməsindən əmələ gələn basqal sözü qala bas, qala qur, qala ucalt mənalarını verir. Aparılan arxeoloji tədqiqatların nəticələrinə görə, Basqalın cənub – şərqində yerləşən antik və orta əsrə aid abidələrlə zəngin olan “qalalar” adlanan ərazi qədim insan məskəni olub.

Basqal qəsəbəsi 1932-1933-cü illərdə İsmayıllı rayonunun mərkəzi olub. Basqalın “Qalabaşı” məhəlləsi ərazisində qalınlığı bir neçə metrə çatan qala divarlarının üzləri bu günədək qalmaqdadır. Bunun XIV əsrdə tikildiyi güman edilir. “Basqal” toponimi təmiz türk sözüdür və “qala başı”, “qala qur”, “qala yarat”, “qala ucalt”, “baş qala” mənasını ifadə edir. Basqal Tarix – Mədəniyyət Qoruğuna XVII əsrə aid hamam və məscid kimi qədim abidələr aiddir.

Qəsəbə əhalisi az da olsa sənətkarlıq, ticarət, qismən də heyvandarlıqla məşğul olur. Qədim dövrlərdən etibarən, Basqal ipək toxuculuğu sənətinin mərkəzi olub. Burda milli qadın ipək örtükləri – kəlağayı istehsal olunub. “Kəlağayı” fenomeninin tarixi və mədəni dəyərini təsdiq edən bir fakta nəzər salaq: 2014-cü ilin noyabrında UNESCO-nun 9-cu sessiyasında Azərbaycan kəlağayı sənəti dünyanın qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.

Basqal Azərbaycan SSR Nazirlər Sovetinin 28 iyul 1989-cu il tarixli 316 saylı qərarı ilə Dövlət Tarix və Mədəniyyət Qoruğu elan olunub.2018-ci ilin 3 oktyabr tarixində “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu haqqında Azərbaycan Respublikası prezidenti İlham Əliyev sərəncam imzalamışdır. Qoruğun sahəsi 76 hektardır. Qoruğun ərazisində orta əsrlərə aid Qalabaşı qalası, Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi küçələr, Bazar meydanı yerləşir. Basqalın IX-XIX əsrlərə aid istehkamları, Şeyx Məhəmməd məscidi, Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, tarixi hamamları, sənətkar karxanaları, mülkləri tarix-mədəniyyət abidələri mədəni irsimizin qiymətli nümunələri sırasındadır.Basqal həm də 300 ildən artıq yaşı olan çinar ağacı ilə məşhurdur. 1531-ci ilə aid edilən Şeyx Məhəmməd məscidi Pir çinar, Pir bulaq və orta əsrlərdə salınmış Xarabiyan qəbiristanlığı ilə kompleks təşkil edir. Yeni aşkarlanan kitabəyə görə həmin kompleks sufi xanəgahı olub. “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğu bu ərazidə mövcud olan tarix və mədəniyyət abidələri üzərində bərpa-konservasiya, rekonstruksiya işlərinin aparılmasına, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsinə, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işinə xüsusi diqqət yetirir.Basqalın qalaları antik və ilk orta əsrlər yaşayış yeri arxeoloji baxımdan öyrənilməyib. Lakin oradan təsadüfən aşkar olunan maddi-mədəniyyət nümunələri “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda nümayiş olunur.

Hal-hazırdada Basqal qəsəbəsi inkişaf etməkdədir.Avqustun 12-də Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində olaraq orada baş tutan yeniliklərlə tanış olub.Qeyd edək ki,bir neçə il bundan əvvəl İlham Əliyev qəsəbənin inkişafı və Basqalın tarixi irsinin qorunması ilə bağlı sərəncam imzalayıb. Bu Sərəncam əsasında Dövlət Turizm Agentliyi burada artıq bir müddətdir ki, işlər aparır. İşlərin təqribən 50 faizi başa çatıb və bu gün hər kəs bunu görə bilər.Basqalda edilən bütün bu təkamül proseslərinin nəticəsi olaraq,şəksiz ki,Basqal qəsəbəsi Lahıc qəsəbəsi kimi bu bölgənin çox qədim tarixi yaşayış məkanı olaraq öz simasını bütün dünyaya açacaq. Yəni, həm Azərbaycan vətəndaşları, həm ölkəmizdə olan qonaqlar, bildiyiniz kimi, indi Lahıca durmadan səfərlər edirlər. Bu məqsədlə bu tarixi yaşayış yerinin konservasiyası, bunun tarixi simasının qorunması xüsusi əhəmiyyət daşıyır.

Eyni zamanda avqustun 12-də Basqal qəsəbəsinin girəcəyində yeni, 179 otaqlı müasir otelin açılışı olub. Bu otelin açılışı, əlbəttə ki, bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Bu da təbii ki , İsmayıllı rayonunda yüzlərlə iş yerinin açılması deməkdir. Təkcə Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli vətəndaşlardır.

Göründüyü kimi Prezident İlham Əliyev Basqalın tarixi irsinin qorunması üçün çoxsaylı addımlar atmaqdadır.Bir Azərbaycan vətəndaşı olaraq da,sadəcə Basqal tarixi irsini deyil,bütünlükdə tarixi irsimizi qorumaq hər birimizin borcudur.Bu borcumuzu heç bir zaman unutmayaq!

 

Mədinə Xubaliyeva

Bakı Slavyan Universiteti

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90