“Prezidentin Qarabağa səfərləri bədxahlarımıza məğlubiyyətin mənəvi acısını da yaşadır…”

“Prezidentin Qarabağa səfərləri bədxahlarımıza məğlubiyyətin mənəvi acısını da yaşadır…”backend
Prezident İlham Əliyev aprelin 26-da BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının  77-ci sessiyasında dünya birliyinə mühüm ismarıclarını verdikdən dərhal sonra işğaldan azad olunmuş torpaqlarımıza səfər etdi.Birinci vitse-prezident Mehriban Əliyevanın və Leyla xanım Əliyevanın səfərlə bağlı Cəbrayıl və Zəngilan rayonlarından paylaşdıqları videogörüntülərin insana təlqin edə biləcəyi yeganə təəssürat budur: Prezident və onun doğmaları xalqımızla birgə Qarabağın işğaldan azad olunması və Qarabağa qayıdışımızla  milli qürur hissini yaşayırlar.Prezident İlham Əliyevin getdikcə daha da intensivləşən bu cür səfərlərinin məqsədi Qarabağda start verdiyi və şəxsən rəhbərlik etdiyi bərpa-quruculuq işlərini mümkün qədər qısa müddətdə yekunlaşdırıb insanlarımızı dədə-baba yurdlarına qaytarmaqdır.
Nə qədər acı olsa da,reallıq belədir ki,30 ilə yaxın müddətdə Ermənistanın Qarabağda törətdiyi vəhşiliyin və irimiqyaslı vandallığın ağır fəsadları aradan qaldırılmadan, torpaqlarımız düşmən minalarından təmizlənmədən təminatlı və təhlükəsiz qayıdış mümkün deyil.Ermənilər bu illər ərzində infrastrukturdan tutmuş qəbirlərimizə, evlərimizdən tutmuş məscidlərimizə,tarixi və mədəni abidələrimizə qədər,hər şeyi yerlə-yeksan ediblər.Bütün bu vəhşiliklərdən sonra kimlərsə erməniləri “məzlum”, ”ən qədim”,”ən mədəni” millət və uydurma “soyqırımı qurbanları” kimi dünya sivilizasiyasına calamağa çalışırsa,belələri ya görmə qabiliyyətini itirib,ya da sağlam düşünmək. Əslində,bu işdə iştirak edənlər bəşəri dəyərləri ələ salırlar,özləri bir yana, dəyərləri də ucuzlaşdırırlar.İnandırıcı görünən odur ki,bunlar hansısa səbəbdən,o cümlədən hansısa natamamlıq kompleksi üzündən erməni lobbiçilərinin təsir və təzyiq dairəsinə düşərək şikara çevriliblər.Ermənilər bunu çoxdan və yaxşı bacarırlar,bu məqsədlə ən qədim üsullardan daha ötəsinə yiyələniblər…
Sözsüz ki,Prezident İlham Əliyevin Qarabağ səfərləri təkcə cəmiyyətimizin deyil,həm də Ermənistanın və ona havadarlıq edənlərin diqqət mərkəzindədir.O da şübhəsizdir ki,Prezidentin hər belə səfəri cəmiyyətimizə nə qədər böyük mənəvi rahatlıq və qürur hissi yaşadırsa,bunun tam əksi Ermənistan cəmiyyətində baş verir.Hərb meydanında döyüşlər qələbəmizlə bitsə də, müharibədən sonra fərqli mənəvi dünyaların savaşı davam edir.Dövlətimizin başçısının Qarabağa səfərlərindən yayımlanan videogörüntülər təcavüzkar mahiyyətli Ermənistana,orada revanşa meyl edənlərə hər dəfəsində mənəvi məğlubiyyətin yeni acısını yaşadır…
Prezidentin bu səfərləri beynəlxalq auditoriyaya da mühüm mesajdır.Gözləri regionumuzda ,xüsusən Azərbaycanda olanlara ismarıc verilir ki,xalqımızın, dövlətimizin seçimi dinc birgəyaşayışdır.Məhz buna görə, heç bir çətinliyə baxmadan və ləngimədən Qarabağda bərpa-quruculuq işlərinə start verilib.İsmarıc həm də ondan ibarətdir ki,Ermənistanın ölkəmizə qarşı yürütdüyü hərbi təcavüz və işğal siyasətinə,insanlıq əleyhinə törətdiyi çoxsaylı müharibə cinayətlərinə baxmayaraq, Azərbaycan Qafqazda sülhün və əmin-amanlığın, sivil və dinc həyatın tərəfdarıdır.Prezident İlham Əliyev budəfəki səfərində Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoydu və Zəngəzur dəhlizi ilə bağlı növbəti bəyanatını səsləndirdi:”Təsadüfi deyil ki,hava limanı məhz Zəngilanda inşa ediləcək.Çünki coğrafi vəziyyətə baxdıqda hər kəs görə bilər ki,Füzuli,Zəngilan və ondan sonra Laçın rayonunda inşa ediləcək üçüncü beynəlxalq hava limanı bütün Qarabağ və şərqi Zəngəzur zonasını Zəngilan daxil olmaq şərtilə əhatə edəcək.Buradan dəmir yolu,avtomobil yolu keçəcək,Naxçıvana yol açılacaq”.
Dövlətimizin başçısının Qarabağ səfərlərini izlədikcə və orada yeni-yeni təməlqoyma tədbirlərini seyr etdikcə,qələbəmizi şərtləndirən amillərlə bağlı bir müddət əvvəl onun söyləmiş olduğu  fikirlər yada düşür.Prezident İlham Əliyev həmin amillər sırasında Vətən və Torpaq sevgisini xüsusi vurğulamışdı.Bu səfərlər də Vətənə və Torpağa olan əsl sevginin nişanəsidir. Prezidentin Qarabağda başladığı bərpa-quruculuq işləri  xalqımızla qarşılıqlı bağlılığın və millətə xidmətin,təkcə indiki deyil,həm də gələcək nəsillərə görə əsl  dövlət adamının yaşadığı böyük məsuliyyətin göstəricisidir. Təəssüf ki,bu ali xidməti gözləri götürməyənlər də az deyil.Erməni və himayədarları qarışıq çoxları xaricdə, azacıq da olsa,həm də öz içərimizdə.Amma o da var ki,sevinməyi bacarmayanlara,hətta ümumxalq sevincinə qoşulmaqda diskomfort yaşayanlara, yenidən sevinməyi və sevməyi,ümumi sevincimizi və qürur hissini bölüşməyi öyrətmək mümkün deyil.Ya artıq çox gecdir,ya da fitriyyət bunları mümkünsüz edir.Amma çox inanıram ki,belələri də abad və yenidən qurulmuş Qarabağımıza səfər etdikcə, oranın havasını udub suyunu içdikcə, nə qədər yanıldıqlarını anlayacaqlar.İndilik isə, cəmiyyətin, hər birimizin öhdəsinə düşən odur ki,Qarabağa Böyük Qayıdışı təmin etmək üçün Prezidentin başladığı quruculuq işlərinə səfərbər olaq,gücümüz,bacarığımız və imkanlarımız çərçivəsində öz fərdi töhfəmizi, ən azından mənəvi dəstəyimizi əsirgəməyək.
Çox inanmaq istərdim ki,Prezident İlham Əliyevin Qarabağ səfərlərini izləyən Ermənistan cəmiyyəti seyr etdiyi səhnələrdən düzgün nəticə çıxaracaq.Həm 30 il ərzində özlərinin Qarabağda etdikləri vandallığı,vurub-dağıtmağı,viran qoymağı əks etdirən mənzərələrdən, həm də bu vəhşiliyin izlərinin Qarabağdan silinməsi üçün başlanan bərpa və quruculuq işlərindən.Azərbaycan xalqının məramı tarixən qurub-yaratmaq,kiminsə varına-torpağına xor baxmadan ləyaqətlə yaşamaq olub.Bu gün  Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qarabağda həyata keçirilən “ağıllı kənd”, “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyaları da məhz bu məramdan,elə bu tarixi kökdən qaynaqlanır. Çoxsaylı və fərqli ölkələrə aid xarici şirkətlərin Prezident İlham Əliyevin təşəbbüsünə qoşulmaları da təsadüfi deyil.Çünki xalqımıza,xoş niyyətimizə inam var.Çünki Prezidentimizin siyasi iradəsinə güvənirlər. Çünki əmindirlər ki, iqtisadi dayanıqlığı və iqtisadi müstəqilliyi olan etibarlı Azərbaycanla əməkdaşlıq etmək sərfəlidir. Yəqin,Ağalı kəndinin təməlqoyma mərasimini ermənilər də izləyiblər.Həmin tədbirdə iştirak edən gənclərimizin Vətən sevgisini və yurda bağlılığını görə biliblər. Anlamalıdırlar ki,bu gün Azərbaycan cəmiyyətinə hakim kəsilən məhz bu ruhdur,bu ruhdan doğan birlik və öz Ali Baş Komandanına olan inamdır.Bunu nə qədər tez anlasalar,onlar üçün bir o qədər faydalı olar.Ona da şübhə etmirəm ki,bu görüntülərlə yanaşı,Prezident İlham Əliyevin Qarabağda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları ilə görüşü,yeni,ən müasir döyüş texnikaları ilə təchizatı ermənilərin də diqqətindən qaçmayıb. Qoy,Ermənistanda revanş hissi ilə qovrulanlar düşünməsinlər ki, başımız yalnız quruculuğa qarışıb.Elə buna görə də,erməni cəmiyyətinin qabaqda gedənləri,sağlam mühakimə yürüdə bilənləri aralarındakı revanşistlərin dərsini özləri verməlidirlər.Verməlidirlər ki,erməni xalqı da dinc həyata qovuşa bilsin,gənc övladları Azərbaycan torpaqlarında məhv edilməsin və ya terrorçu kimi zərərsizləşdirilib yaxalanmasın.Bu cür aqibəti arzulamırlarsa,onda Prezident İlham Əliyevin Qarabağdan verdiyi bu xəbərdarlığı heç vaxt unutmamalıdırlar: ”Onlara, bax,buradan xəbərdarlıq etmək istəyirəm ki,bu çirkin əməllərdən əl çəksinlər,yoxsa onların axırı pis olacaq”.
Ülvi Quliyev

Milli Məclisin deputatı

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90